Toyuqdan dinozavr? - Mümkündür!

16 Avqust 2011 17:20
Maykl Krayton 1990-cı ildə öz bestsellerini yazanda, Stiven Spilberq isə onu lentə köçürəndə hər şey uzaq, uzaq... çox uzaq gələcəyin işi kimi görünürdü. Ancaq Rusiya mətbuatı yazır ki, alimlər dinozavr yaradılmasını fantastika hesab etmirlər. Ancaq
bu dəfə üsul tamamilə başqa olacaq.

Çünki DNT molekulları zaman keçdikcə dağılır. Son dinozavrın ölməsindən 65 milyon il keçir, DNT isə 500 min il ərzində tamamilə dağılır. ABŞ-ın Montana Universitetinin əməkdaşı, paleontoloq və Yura dövrünün parkına aid bütün filmlərin məsləhətçisi Cek Hornerin sözlərinə görə, indiyədək heç bir dinozavrın DNT-si aşkar edilməyib. 2005-ci ildə o, həmkarları ilə birlikdə tirannozavrın qalıqlarını tapıb, amma onun toxumaları bir işə yaramayıb.

Ancaq gen mühəndisləri başqa variant təklif edirlər. Son illərdə bir neçə alimlər qrupu ayrı-ayrılıqda dinozavrların DNT-sini "oyatmağa" çalışır. Özü də onların birbaşa törəmələri olan toyuqlarda. Horner deyir ki, yeni toyuğun dişləri, pulları, quyruğu və qabaq ətrafları olacaq və o, əsl dinozavra bənzəyəcək.

Qeyd edək ki, 2005-ci ildə Viskonskin universtitetinin ontogenetikləri Con Fellon Mett Harris mutasiyaya uğradılmış toyuq embrionları üzərində təcrübə aparmışdılar. Müşahidə göstərmişdi ki, embrionun çənəsində qəribə şişlər var. Bunlar isə nəhayətdə alliqatorların embrionlarının dişlərilə eyni olan xəncərəbənzər dişlər idi. Ancaq həmin mutantların daxilində onları öldürən resessiv genlər olduğundan o zaman canlı dinozavr əldə etmək mümkün olmamışdı.

Makgill Universitetinin (ABŞ) paleontoloqu Hans Larsson isə toyuq embrionunda quyruğun olduğunu, sonra isə müəyyən anda onun yoxa çıxdığını müşahidə edib. O və həmkarları quyruğu "geriyə qaytarmağa" çalışırlar. Ancaq hələlik buna nail ola bilmirlər.

"Hər şey maliyyədən asılıdır. Hələ xərçəngə qalib gəlməmişik. Ona görə də dinozavrların yenidən yaradılması layihəsi diqqətdən kənarda qalacaq. Bilmirəm, bəlkə hansısa biznesmen bunun maraqlı olduğunu hesab edib pul ayırar?" - deyə Horner ümidini itirmir.

Milli.Az