Ay ərzində Bakıda 200-ə yaxın yeni taksi xəttə buraxılacaq
16 Avqust 2011 14:41
Avtomobillər Azərbaycana çərşənbə axşamı gətirilib və hazırda gömrük rəsmiləşdirməsindən keçir. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyindən bildirilib.
Bundan əvvəl Bakıya 100 ədəd bənövşəyi rəngli London Taxi avtomobili gətirilib. İlin sonunadək onların sayı 1000-ə çatdırılacaq.
Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.
"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.
Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirmişdilər ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.
Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.
Milli.Az