Layihə idarəçisi: TAP İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək

14 Mart 2018 20:23

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu TAP layihəsinin İtaliya üzrə idarəçisi Mario Elia deyib.

M.Elia TAP-ın strateji layihə olduğunu bildirib: "Belə ki, bu layihə Avropada qazın daha rəqabətədavamlı qiymətlərini təmin edəcək. Bundan başqa, TAP Avropanın enerji təhlükəsizliyini təmin etməklə enerji müstəqilliyini möhkəmləndirməyə imkan verəcək".

O qeyd edib ki, boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr qaz təşkil edəcək, bu da Avropada 7 milyon ailəni qazla təmin etməyə kifayət edəcək:

"TAP-ın sayəsində İtaliya Avropanın əsas enerji qovşaqlarından biri olacaq. Bu layihənin icrası nəticəsində ölkə öz iqtisadiyyatını daha da inkişaf etdirmək və enerji davamlılığını təmin etmək imkanı qazanacaq".

Layihənin idarəçisi deyib ki, İtaliya dövləti eneji təchizatının şaxələndirilməsi aləti qismində TAP-ın reallaşdırılmasını həmişə dəstəkləyəcək.

Milli.Az