"Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edən layihələrdir"

14 Mart 2018 19:14

Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Baş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir:

"Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir.

Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya daşımaları təmin edəcək tarixi "İpək Yolu" - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz və təşəbbüsünüzlə, cənab Prezidentimizin də töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb və eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir".

Milli.Az