Bu gün Baladadaşın ad günüdür

14 Mart 2018 20:40

Bu gün Baladadaşın ad günüdür.

Qurumun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, bu gün Azərbaycan Dövlət Musiqili Teatrının solisti, tamaşaçıların yaddaşında "Baladadaş" obrazı ilə qalan istedadlı, gənc aktyor Əmrah Dadaşovun ad günüdür. O, 14 mart 1991-ci ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" ixtisasını bitib.

Səhnə fəaliyyətinə başladığı gündən geniş səs imkanları və aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan Əmrah ad gününü Musiqili Teatrın möhtəşəm səhnəsində, növbəti tamaşanın məşqi zamanı keçirıb.

Özünü bu teatrın solisti olduğuna görə xoşbəxt sayan gənc aktyor bu gün ona ünvanlanan ad günü təbriklərinə görə teatrın rəhbərliyi başda olmaqla, yaradıcı heyətə təşəkkürünü bildirib: "Mən artıq dünən gecə saat 12-dən təbrik mesajları almağa başlamışam. Amma, mənim üçün ən gözəl ad günü hədiyyəsi elə bu teatrın kollektivinin sevgisi ilə əhatə olunmağımdır. Bir aktyor üçün bundan böyük xoşbəxtlik ola bilməz".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən  2017-ci ildə xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyasından baş rolun ən yaxşı  ifaçısı kimi "İlin aktyoru" mükafatına layiq görülən Əmrah Dadaşov  Üzeyir Hacıbəylinin "Ər və arvad" (Xanəndə), M.F.Axundzadə "Hacı Qara" (Sarkis), E.Sabitoğlu, Y.Şvartsın "Qırmızı papaq" (Meşəbəyi), Əli Səmədlinin "Meşə çaqqalsız olmaz" (Ağacdələn), O.Zülfüqarov, R.Heydərin "Dəcəl çəpişlər" (Ayı), Qrim qardaşları və C. Barri "Piter Pen" (Kapitan Nik) tamaşalarında ifa etdiyi obrazların öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.

Milli.Az