"Sümüyünün xırçıltısı Pərvinin xoşuna gələcək?" - Qayda pozan məşhurları ifşa etdi - FOTO

14 Mart 2018 18:30

Radio aparıcısı Tural Yusifov yol hərəkət qaydalarını pozan məşhurlarla bağlı yazı hazırlayıb. 

Milli.Az axşam.az-a istinadən həmin yazını təqdim edir:

Bu gün bir çoxları real həyatdan uzaqlaşaraq sosial şəbəkələrə üz tuturlar. Bununla sanki özlərini nədəsə sübut edir və ya gündəlik həyat tərzlərini bölüşürlər. Daha çox fotopaylaşım kimi ixtisaslaşmış İnstaqram sosial şəbəkəsində yol hərəkəti qaydasını pozan və bundan utanmayan insanlara rast gələ bilərik. Bunların arasında adi və "ulduz" deyilən zümrə də var. Adi insanlar "ulduz" sayılanlardan ibrət götürür və onların etdiklərini təkrarlayırlar.

"Ona olarsa, mənə də olar" yanaşması hər il minlərlə insanın həyatını itirməsinə gətirib çıxardır. Yüzminlərlə izləyiciləri var, lakin izləyicilərinə yaxşı örnək ola bilmirlər. Deyəsən axı bacarmırlar. Gəlin, instagramda paylaşılan fotolara diqqət edək. Öncədən onu bildirim ki, sosial şəbəkədə paylaşılan bu şəkillər real səhifələrdən götürülüb.

İlk "qəhrəmanımız" Pərvin Abıyevadır. 575 min abunəçisi olan aktrisa gündəlik olaraq müxtəlif tədbirlərdən, idmandan və geyimlərindən paylaşımlar edir. 2958 paylaşımın arasında yol hərəkəti qayda pozması da özünə yer alıb. Pərvin xanım təhlükəsizlik kəməri taxmır. Ondan bu barədə soruşanda : "Ürəyim sıxılır" deyə cavab vermişdi. Yəqin Pərvin xanımın çox böyük ürəyi var. Lakin qəza baş verəndə, Pərvin xanımın o gözəl siması tanınmaz hala düşəndə, məncə "ürəyim sıxılsaydı" yaxşı olardı peşmançılığı fayda verməyəcək.



Görəsən, bu an qəza baş versə, Pərvin xanım o gözəl burun və dodaqlarını necə mühafizə edəcək? Sümüyünün xırçıltısı onun xoşuna gələcəkmi?

Sevil və Sevinc Səfərova bacıları

1  mln 400 min abunəçi....   Azərbaycanda 2 mln-a yaxın İnstaqram istifadəçisi var. 1 mln 400 min  istifadəçilərin 60%-dən çoxu deməkdir. Bu məsələnin rəqəm tərəfidir. Nə qədər realdır, özləri bilərlər. Amma gündəlik tv ekranlarını bəzəyən, instagramdan çıxmayan, insanların arasında tanınan şəxslər ictimai davranış qaydalarına fikir verməlidirlər. Bəli, YHQ ictimai davranış qaydalarının bir növüdür. Çünki, siz əgər yol gedirsinizsə, mütləq onu düzgün getməlisiniz. İnsanlar sizin yolu düzgün getməyinizdən ləzzət almalıdırlar. Amma bu qədər məşhurluq var, amma qanuna hörmət yoxdur.

Arxadan kəmərin taxılmasına baxın. Dahi alman mühəndislərinin kəşfi olan avtomobili azərbaycanlı müğənnilər aldatmağa çalışır. Kəməri arxadan keçirib, sadəcə səsini kəsirlər. Bununla da guya öz aləmlərində çox yaradıcı bir yanaşma etdiklərini düşünürlər. Və bu xanimlarda bir adət halını alıb. Qayda pozmaq bu sadəcə adətdir, ənənədir, öyrəşməkdir. Və ən əsas məsələ cəzasızlıqdır. Bu adamlar buna görə cəza almırlar. Ya görməzdən gəlirlər, ya da telefon zəngi ilə, "tanışdır" deyib göz yumurlar.

Meyxanaçı Pərviz Bülbülə

328 min abunəçi. . . Əsasən gənclər. Adətən İnstaqramda 17-34 yaş arası insanlar aktiv olurlar. Məşhurların səhifəsini isə daha çox 30 yaşa qədər şəxslər izləyirlər. Çünki 30-dan yaşdan yuxarı insan daha olqun olur və Pərviz Bülbülədən öyrəndiyi bir şey olmur. Artıq bütün qaydapozmaları öyrəndi, həyatına sirayət etdi və bundan sonra rahat gedib divara dəyib ölə bilər. Axı onun fanatı olduğu Pərviz təhlükəsizlik kəməri bağlamır. Sözün düzülüş, əruzun qaydalarından çıxmayan Pərviz, qanundan kənara çıxır. Sözü səhv desə, rədifi pozsa, qafiyəyə düzgün söz uyğunlaşdırmasa utanacaq olan şəxs, qanun pozmaqdan çəkinmir.

Qayda pozmaq Pərvizin həyat tərzinə çevrilib. Yaxşı, İntaqram hesabını qoydum kənara. Heç olmasa TV-ə çıxanda kəməri bağlamaq lazımdır. Heç olmasa orada çıxanda görüntü olaraq qaydalara əməl etdiyini göstər. Bu verilişin müxbiri, operatoru, rejissoru, montajçısı, redaktoru isə hər şeyə diqqət ediblər. Bircə kəmərdən başqa. Çünki bu onlar üçün maraqlı deyil. Çünki hesab edirlər ki, qəza hamının başına gələcək, onları qoruyan tapılacaq. Kiminsə şəkli, kiminsə duası, kiminsə kağıza yazıb parçaya bükdüyü əşya qoruyacaq. Təhlükəsizlik kəməri İsveçdə kəşf edilib, Azərbaycanda ölüb.

Dünyanın ən xoşbəxt xalqlarından biri olan isveçlilər özünü kəmərlə qoruyur, insanların özünü xoşbəxt hiss etməsi indeksinə görə ilk 50-likdə olmayan xalqımızın nümayəndələri isə ürəyi, böyrəyi, öd kisəsini bəhanə gətirərək   kəmər taxmırlar. Çiyinlərində elmi kəşfi, insanların həyatını yüngülləşdirəcək bir işi olmayan şəxslər kəməri pul tələsi hesab edirlər. DYP isə belə şəxslərlə məşğul olmaq istəmir.



Müğənni Şəbnəm Tovuzlu

851 min abunəçi... Anidən parlayan və TV ekranından düşməyən müğənni. Zövqlər müxtəlifdir və mən insanların mahnı , müğənni seçiminə qarışa bilmərəm. Amma çox təəsüf ki, gündəlik həyat tərzi qayda pozmaq olan şəxslər tv-də, saytlarda insanlara qaydalar biçir, müəyyən məsələlər mövzusunda resept paylayırlar. Lakin instagram yaxşı şeydir. Bu adamların qaydalara hörmətsizliyi dərhal ortaya çıxır. Axı daim rola girə bilməzsən. Mənim üçün mədəniyyət bir anlayışdır. Sürücü mədəniyyəti, küçə mədəniyəti yoxdur. Var yalnız mədəniyət. İnsan avtomobildə mədəniyətsiz, evdə isə mədəni ola bilməz. Yarımçıq hamiləlik olmur. İnsan bunu edirsə, deməli o, sadəcə rola girib.

İndi bir çoxları məni qınayır. Müğənninin fanat ordusu, tərəfdaşları və ya sadəcə onun xoşuna gəlsin deyə mənə yüngül desək irad bildirirlər. Hamı bir ağızdan: "Başqa problem yoxdur?" deyir. Dostlar, əgər başqa problem varsa, onu da siz həll edin. Şəbnəm xanıma fanatlıq edən övladınız, sabah kəmər bağlamdığına görə əlil qalsa, belə düşünəcəksinizmi ? Günahı hər kəsdə axtaracaqsınız, özünüzdən başqa. Lakin insan özünün ən böyük düşmənidir. Allah boy-buxun, yaraşıq verir, lakin sanki son anda ehtiyat barədə düşünmək məsələsində  insan piyada qalır.

İdmançı Kamil Zeynallı və aparıcı Azər Zahid

Hər iki şəxs məndən daha məşhurdurlar. Televiziyada olmaları, məşhur insanlarla ailə həyatı, tanışlarının siyahısı  məndən daha məşhur olmalarına gətirib çıxardır.  Heç də hamının bu qədər sosial məşhurluq həyatı olmur. Bir dəfə mən qayda pozan məşhurlar haqqında DYPİ-nə məktub yazışdım və yol polisi onlar haqqında tədbir görmüşdü.  Bu məşhurların arasında yalnız həmkarım Firuzə Cəlilova bunu normal qarşılayıb və İnstaqram hesabında bir daha belə paylaşım etməyib. Yerdə qalan bütün məşhurlar məndən incimişdilər. Bəli, hətta həmkarım Azər Zahid belə. Göndərdiyim məktubda Xəzər Tv-nin əməkdaşlarından savayı, çalışdığım ATV kanalının da əməkdaşlarlı vardı. O zaman kolleqam ATV-də çalışırdır. Və məndən incimişdi. Amma yəqin qəlbinin dərinliklərində əslində doğru etdiyimi bilirdi. Kamil isə şəbəkədə hərdən kobud, qaba, acıdil və söyüşkən kimi görünür. Paylaşdığı şəkillər və videodan qızını çox sevdiyi bilinir. Amma və lakin.....

İnsanlarda qoruma instikti çox zəifdir. Hər iki şəkilə diqqətlə baxın. Kamil təhlükəsizlik kəməri taxmayıb. Övladı arxada oturmayıb və avtomobil içərsində ayaq üstə qalıb. Bu gözəl bala bunu anlamır. Axı o, uşaqdır. Ona bunu izah etməyiblər. Digər şəkildə də eyni şeydir. Uşaq sükan arxasında. Yanında kimsə əyləşib. Ya atasıdır, ya qardaşı , ya da əmisi. Hər kimdir. Hər iki şəkildə uşaqların həyatı ilə oynayırlar. "Mən qəzaya düşməmişəm" "Allah qoruyur", "Ağzını bədliyə açma",  "Sənə qalmayıb, öz uşağımdır özüm bilərəm" demək ən asandıdır. Amma bir şeyi xatırladım bizim böyük kimi uşaqların doğru, düzgün və sağlam böyüməsi üçün məsuliyətimiz var.

Gəlin, ilk olaraq Kamilin avtomobilindən başalayaq. Kamil saatda 40 km sürətlə hərəkət edir. Kamilin çəkisi hardasa 110 kq-dır. Övladı isə 20-22 kq olar. Saatda 40km sürətlə oynaya-oynaya, sevgi izhar edərək hərəkət edirlər. Bu zaman arxadan saatda 60 km sürətlə gələn sürücü onlara çırpılır. Kamil 220 kq zərbə gücü ilə alın şüşəsinə çırpılır. onun gül balası isə daha yüngül olduğuna görə 44 kq-ıq çəki ilə öncə alın şüşəsinə dəyir, daha sonra şüşədən çıxaraq kapotun üzərinə düşür.  Allah uzaq eləsin çox dəhşətli mənzərə olar. Kamil nə qədər idmançı olsa da, dəydiyi zərbə ona qalxıb balasına kömək etməyə imkan verməyəcək. Və bu hadisədən sonra Kamil İnstaqrama nədir, avtomobilə tövbə edər.

Azərin paylaşdığı şəkildə isə 18 yaşı olmayan uşağı kəmərsiz sükan arxasında görürük. Ərazi otluq və nahamardır. Adi bir vəziyyətdir.  Və təhlükə olduğu sezilmir. Lakin sükan arxasında uşaqdır. Uşaq olduğuna görə qazla əyləci səhv sala bilər. Bunu hətta böyük şəxslər də edir. Yol nahamardır və ərazidə mütxəlif şəxslər var. Hamı uşağın videosunu çəkədiyinə görə ona fikir vermir. Uşaq əyləc əvəzinə qazı basır . . .  Əvvəlcə bir neçə nəfərin üstündən keçir və  daha sonra sükanı kontrolda saxlaya bilmədiyinə görə avtomobil çuxura düşərək aşır. Pəncərə açıq olduğundan kəmər bağlamayan bu gül balanın başı pəncərədən çıxır və boynu sınır. Dəhşətlidirmi ?

Ən adi vəziyətlərdə belə dəhşətli hadisələr ola bilər. Bu qədər biganəlik olmaz. Nəinki özünə qarşı, öz övladına qarşı biganə olmaq olmaz. DYP isə heç bir sosial aktivlik göstərmir. İşlək facebook səhifələri yoxdur. İnstagramda paylaşımları izləmirlər. Sanki hamını yolda gözləyirlər. Bu cür qayda pozuntuları isə məndən başqa heç kimi maraqlandırmır. Çünki hamı hesab edir ki, bu onun işi deyil. Bunun üçün xüsusi adamlar var.

Milli.Az