“Muğam aləmi” V Muğam Festivalı çərçivəsində “Şüştər” və “Hümayun”muğamları ifa olunub

14 Mart 2018 15:01

Martın 13- də Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən möhtəşəm konsertdə "Şüştər" və "Hümayun"muğamları ifa olunub.

07-14 mart tarixlərində keçirilən festival  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərçivəsində dünyada yeganə olan Beynəlxalq Muğam Mərkəzində istedadlı muğam ifaçılarının ifasında 7 əsas muğamımıza həsr olunan konsertlər tədbirin  ən yadda qalan hissələrindən biri olacaqdır.

Festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri,Xalq artisti,professor Firəngiz Əlizadədir.

Festivalda iştirak etmək üçün Türkiyədən, Moldovadan, Poişadan,İrandan,İraqdan,Özbəkistandan,Tacikistandan,Qazaxıstandan,Misirdən,Suriyadan,İordaniyadan və digər ölkələrdən münsiflər və musiqiçilər dəvət olunub.

Festival çərçivəsində məşhur muğam ifaçılarının konsertləri,beynəlxalq elmi simpoziumlar,gənc muğam ifaçılarının muğam müsabiqələri keçirilir,tamaşalardan və operalardan parçalar göstərilir.

Konsertdə  "Muğam" instrumental ansamblının müşayiəti ilə "Şüştər" muğamını Nisbət Sədrayeva,"Hümayun"muğamını isə Məmməd Nəcəfov ifa ediblər.

Gecədə ifaçıları Əməkdar artistlər tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, qanunda Çinarə Heydərova, çəngdə Fəzilə Rəhimova və həmçinin udda Şəfa Kərimov, nağarada Emin Cəbrayılov, balabanda Azad Əliməmmədov müşayiət ediblər.

Anşlaqla keçən gecədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri,Xalq artisti,professor Firəngiz Əlizadə,Milli Konservatoriyanın rektoru,Xalq artisti,professor Siyavuş Kərimi,Beynəlxalq Muğam Mərkəzinin direktoru,Xalq artisti,professor Murad Hüseynov, mədəniyyət xadimləri, festivalın xarici qonaqları,ictimaiyyət nümayəndələri və muğamsevərlər iştirak edirdi.

Milli.Az