Maltanın baş məşqçisi hansı yığmanı millimizə bənzədir?

14 Mart 2018 17:57

Yoldaşlıq görüşləri olmasına baxmayaraq, meydana məğlub olmaq fikri ilə çıxmırıq və uduzmaq üçün də oynamayacağıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib.

Millətlər Liqasında Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan maltalılar bu ay yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Belə ki, komanda ayın 22-də Lüksemburqu qəbul edəcəksə, bundan 4 gün sonra Türkiyədə Finlandiya ilə üz-üzə gələcək.

Qarşıdakı oyunlara 25 futbolçu çağıran Saintfit yoldaşlıq görüşlərindəki komandaları Millətlər Liqasındakı rəqiblərinə oxşadıqları üçün bu seçimi etdiklərini vurğulayıb: "Qələbə qazanmağa çalışmalıyıq və bunun üçün "döyüşəcəyik". Həm Lüksemburq, həm də Finlandiya ilə matçda hücum futbolu sərgiləyəcək, mümkün qədər çox qol vəziyyəti yaratmağa cəhd edəcəyik. Lüksemburq və Finlandiya yaxşı komandalardı. Onlar aşağı-yuxarı sentyabrda başlayacaq Millətlər Liqasındakı rəqiblərimizə bənzəyir. Bu üzdən milliyə yeni çağırılan futbolçuları diqqətlə izləyirik. Ancaq o demək deyil ki, bu, yekun heyətimizdi. Sentyabrda keçirəcəyimiz rəsmi görüşlərə ən ideal heyəti çağıracağımıza əmin olmalıyıq".

45 yaşlı mütəxəssis yarımmüdafiəçi Miçel Malliaya dəvət göndərsə də, ona şans verilməyəcəyini bildirib: "Komandaya yeni qoşulanlardan biri də Miçel Mallia olacaq. Ancaq o, Avstraliyanın U-23 yığmasında çıxış edib. Məsələ ilə bağlı müraciətimizə FİFA-nın rəsmi cavab verməsini gözləyirik. Bu üzdən onun yoldaşlıq görüşlərində iştirakı mümkün görünmür. Ancaq istədiyimiz cavabı alsaq, Millətlər Liqasında Farer adaları və Azərbaycanla oyunlarda Mallianı meydanda görə bilərik".

Qeyd edək ki, sentyabrın 7-də Farer adalarının qonağı olacaq Malta 3 gündən sonra millimizi qəbul edəcək.

Milli.Az