Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində Novruz tonqalı - FOTO - VİDEO

14 Mart 2018 13:27

Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Zabit Əsgərov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib