Azərbaycanın iqtisadi potensialı qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir

14 Mart 2018 13:53

Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir. 

Sürətli və dinamik sosial-iqtisadi inkişafa nail olan Azərbaycan artıq özünəməxsus yeni inkişaf modeli ilə fərqlənən uğurlu bir ənənənin əsasını qoymuşdur. 

Ölkəmizin bu uğuru beynəlxalq reytinq agentliklərinin hesabatlarında da təsdiqini tapır. İndi Azərbaycan dünya düzənində islahatlara meyilli ölkə kimi müsbət imic qazanmışdır. 
Bunu sübut etmək üçün müxtəlif istiqamətlərdə ölkə iqtisadiyyatını analiz edərək iqtisadi göstəricilərin geniş spektrinə istinad edə bilərik. Lakin lakonik məntiqə söykənsək, ölkədə ümumi daxili məhsulun artım tempi ilə də deyilənləri təsdiq etmək mümkündür. Belə ki, artıq 2005-ci ildən üzü bəri Azərbaycanda ÜDM sıçrayışla inkişaf etmiş, qısa bir zaman kəsimində əsas makroiqtisadi göstəricilərlə dünya ölkələrinin reytinq cədvəllərində nüfuzlu yerlərə sahib olmuşdur. III minilliyin birinci 10 illiyində adambaşına düşən ümumi daxili məhsul 7,5 dəfə artmışdır. 

Bu faktın özü həm də başqa bir baxış bucağından fərqli görünür. Belə ki, keçmiş Sovet İttifaqından qopub ayrılan respublikaların sırasında Azərbaycan ÜDM-in ən yüksək artım tempinə nail olan ölkədir. Azərbaycanın bu uğurunu təmin edən amillər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və sonrakı illər davam etdirilən inkişaf strategiyasının nəticəsidir. İqtisadi islahatların sürətlə reallaşmasında, yeniliklərin tətbiqində Azərbaycanın bütün postsovet respublikalarını qabaqlaması tamamilə təbii xarakter daşıyır. 
İqtisadiyyatını inkişaf etdirmək, güclü dövlət olmaq, insanların rifah halını yaxşılaşdırmaq istəyirsənsə, abad yollar salmalısan. İqtisadi islahatların, aqrar sektorun da inkişafı yollardan başlayır. Bu, iqtisadiyyatda islahatlar aparmağa səy göstərən əksər ölkələrin əsas şüarı olsa da, hamı üçün əlyetən arzu deyil. 
Bu gün üçüncü ölkələrin ən ciddi problemi magistral, şəhər və kəndarası yolların acınacaqlı vəziyyəti ilə bağlıdır. Yolsuzluq ölkənin müxtəlif bölgələri arasında bütün əlaqələri qırır, iqtisadiyyatın inkişafının qarşısını divar kimi kəsir.

Dünya üzrə statistik rəqəmlər də belə qənaətə gəlməyə əsas verir ki, tez xarab olan kənd təsərrüfatı və digər ərzaq məhsullarının 15-25 faizi tarladan piştaxtaya gedən təmirsiz yollarda və təchizatsız anbarlarda xarab olur, istehlakçıya çatmır. Məsələn, Rusiya kimi nəhəng ölkə qlobal rəqabət qabiliyyəti indeksi üzrə yolların keyfiyyətinə görə 2012-ci ildə 144 ölkə arasında 136-cı olmuşdur. Bu isə o deməkdir ki, yolsuzluq sərt qışı olan ölkəni istənilən vaxt çətinə sala bilər. 
Son 15 il ərzində Azərbaycanda salınan, yenidən qurulan magistral, şəhərlərarası və kəndarası yollar isə nəinki aqrar sektorun və iqtisadiyyatın digər əsas sahələrinin inkişafına təkan vermiş, həm də büsbütün ölkənin müasir imicini yaratmışdır. İndi ən ucqar dağ kəndindən belə, müasir yollardan keçib bir neçə saata paytaxta çatmaq mümkündür. Ölkədə hər il yüz kilometrlərlə yeni yollar salınır, onlarca körpü tikilir. Təkcə ötən il 1300 kilometr uzunluğunda avtomobil yolu salınmışdır. Bu, çox böyük göstəricidir. Ötən ilin əvvəlində bəyan edilmişdi ki, ölkə üzrə şərti olaraq 40 kənd yolu layihəsi icra ediləcək. Lakin yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrıldı və beləliklə, 500-dən çox kəndə yeni yollar salındı. Bu amil özlüyündə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artımına təkan verdi. Davos Ümumdünya İqtisadi Forumu ərzaq təhlükəsizliyi indeksinə görə, Azərbaycanın 57-ci yerdə olduğunu elan etməsi də atılan ciddi addımların uzun illər ölkədə aparılan islahatların nəticəsidir.

Ümumiyyətlə, davamlı surətdə həyata keçirilən iqtisadi siyasət Azərbaycanın dayanıqlı və davamlı inkişafını təmin edir, "aşağı gəlirli" ölkələr siyahısından çıxıb "orta gəlirli" ölkələrlə bir sırada əminliklə addımlamağa imkan yaradır. Amma Azərbaycanın inkişaf potensialı bu günə əldə etdiyi nailiyyətlərdən daha çoxdur. Nümunə üçün aqrar sektorda bəzi rəqəmləri nəzərdən keçirək: təkcə keçən il ölkəmizə 10 min kənd təsərrüfatı texnikası gətirilmişdir. Yəni, dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir, kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edir. Bu da minlərlə kəndliyə, fermerə imkan verir ki pay torpaqlarında dünyanın ən müasir texnologiyalarını tətbiq etsin, başqa ölkələrin onilliklərlə həsədlə gözlədiyi islahatlardan bir neçə ilə bəhrələnsin, daha çox qazanmaq, daha çox öyrənmək şansı əldə etsin. 

Kənd təsərrüfatının digər sahələrində görülən işlər - su anbarlarının tikintisi, yeni kanalların inşası, müasir suvarma sistemlərinin qurulması, kənd təsərrüfatı emal müəssisələrinin, aqroparkların yaradılması və bütünlükdə aqrar sektorun ənənəvi sahələrinin sürətlə və həm də elmi əsaslarla dirçəldilməsi Azərbaycanın imicini qabaqcıl ölkələrin səviyyəsinə qaldırmışdır. Qida Təhlükəsizliyi Agentliyi, "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, logistika infrastrukturu, Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı yaradılmışdır. Avtomobil yollarının və bu yollardakı körpülərin ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirilmiş, müvafiq norma və standartlar hazırlanmışdır. Bir sözlə, ölkə iqtisadiyyatının istənilən bir sahəsini nəzərdən keçirsək yeniliklərlə qarşılaşarıq. 
Bütün atılan addımların sayəsində Azərbaycanda istehsal olunun qeyri-neft məhsulları ölkə hüdudlarından kənarda yeni bazarlara çıxır, ölkəmizin nüfuzunu artırmaq, onu tanıtmaqla yanaşı, həm də əhalinin rifahının yüksəlməsinə kömək edir.

Milli.Az