Sevgilisi onu kor və huşsuz etdi - VİDEO - FOTO

14 Mart 2018 13:30

Həyatımın iki ili yaddaşımdan silinib. 2016-cı ili, 2015-ci ili xatırlamıram. Universitetdə ikinci kurs yadımdadır, amma 4-cü kurs yox. Hüquq fakultəsində də oxumaq istəyirdim, amma alınmadı, olmadı.

Rusiyanın Novosibirsk şəhərinin sakini, 23 yaşlı Mariya Lebedeva avtombil qəzasından sonra yaddaşını və görmə qabiliyyətini itirib.

Milli.Az The Siberian Times-a istinadən bildirir ki, Mariyanın zahiri görünüşü də tanınmaz şəkildə dəyişib.

Novosibirskdəki Sibir Su Nəqliyyatı Universitetini bitirmiş Mariya ali təhsil aldığı illərdə "universitetin ən gözəl tələbəsi" adlandırılırdı.

İndi o, yardım istəyir.

Qəza 2016-cı ilin avqustun 20-də baş verib.

2016-cı ildə Mariya universiteti qırmızı diplomla bitirib. 22 yaşlı qız o vaxt fotolarını sosial şəbəkələrdə aktiv şəkildə paylaşırdı. Fotolar arasında buraxılış gecəsində çəkilmiş şəkillər də var. Amma Mariya qəzada yaddaşını itirdiyindən o gecəni xatırlamır.

Mariya yaddaşı ilə bahəm, görmə qabiliyyətini də itirib.

"Gözlərimdə hər şey qaradır, qapqara", - Mariya deyir.

2016-cı ilin avqustun 20-də Mariya vizajist yanına getmişdi. 4 il görüşdüyü sevgilisi Andrey onu evin yanında gözləyirdi.

"Gecikdiyimi anladım və Andreyə zəng vurub dedim ki, gözləməsin. O impulsivdi, bilirdim ki, hirslənəcək, qışqırmağa başlayacaq. Həmin axşam gedəsi yerim yoxdu. Üstəlik, Andrey dostu ilə restoranda oturmuşdu. Amma gecikdim. Maşına oturanda qışqırmağa, bağırmağa başladı, "Haradasan?! Niyə gecikirsən?! dedi". Mübahisə etdik", - Mariya söyləyir.

Dava edən Andrey işıqforun qırmızı işığını görməyib və yolayrıcını 80 km/saat sürətlə keçmək istəyib. Gənclərin olduğu BMW qarşıdan gələn Toyota Land Cruiser-lə toqquşub.

Qəzada yalnız Mariya yaralanıb. Mariya kəllə-beyin travması alıb, çanaq sümüyü zədələnib.

Qəzadan sonrakı 10 günü Mariya koma vəziyyətində idi. Novosibirsk Neyrocərrahiyyə Mərkəzində onun beynində mürəkkəb əməliyyatlar aparılıb.

Çəkisi 40 kq olan Mariya əməliyyatdan sonar kökəlməyə başlayıb, üstəlik, görmə qabiliyyətini itirib.

İndi o, 1-ci qrup əlildir, təqaüdlə yaşayır.

Sevgilisi Andrey isə onu unudub, heç zəng də etmir.

Mariyanın valideynləri Andreyi məhkəməyə verərək müalicə xərclərinin ödənməsi üçün 2 milyon rubl təzminat istəyiblər. Məhkəmə isə Andreyin, sadəcə, 1 milyon rubl ödəməsinə qərar verib.

Mariya Lebedevanın eksperimental müalicəyə ehtiyacı var. Həkimlər onun görmə qabiliyyətinin bərpa etməyə çalışırlar.

Onurğasında problem olan qız gəzməyə və oturmağa da çətinlik çəkir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sevgilisi onu kor və huşsuz etdi