Azərbaycan nümayəndə heyəti İranda müzakirələri davam etdirir - FOTO

13 Mart 2018 22:26

İranda səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Səhiyyə, müalicə və Tibb təhsili naziri Həsən Qazizadə Haşimi ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın digər sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şahin Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb, Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Azərbaycanın İqtisadiyyat naziri vurğulayıb ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Milli.Az