Bələdiyyədə vəzifəli xanımı qarət edən kişi yaxalandı - VİDEO

13 Mart 2018 21:08

Siyəzəndə oğurluq edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs bələdiyyə, poliklinika və dövlət sosial müdafiə fondunda işləyənlərin çantasından portmanat oğurlamaqla onlara xeyli ziyan vurub. Bakıda isə böyük ticarət mərkəzində mobil telefon oğurlayan gənclər təhlükəsizlik kamerasına düşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bələdiyyə işçisinin külli miqdarda pulunu oğurlayan şəxs tutulub.

Siyəzən rayonunda bələdiyyə işçisi olan bir qadın rayon polis şöbəsinə məlumat verib ki, əl çantasından içərisində 5 min 500 manat və 1900 dollar olan pul kisəsi oğurlanıb.

Əməliyyat- axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Xaçmaz sakini əvvəllər məhkum olunmuş Hicran Qurbanovu saxlayıb. Məlum olub ki, saxlanılan şəxs bir neçə gün əvvəl rayon Dövlət Sosial Müdafiə Fondunda Rəşad Muradovun iş otağından da 40 manat pul və balansında 360 manat pul olan plastik kartını oğurlayıb.

Araşdırmalar zamanı məlum olub ki, Hicran Qurbanov Sumqayıt şəhərində də eyni üsulla bir nəfərin pulunu oğurlayıb.

Paytaxtın Qaradağ rayonunda böyük ticarət mərkəzində isə mağza sahibinin telefonu oğurlanıb. Röyal Quliyev ərazi üzrə 10-cu polis bölməsinə məlumat verib ki, mağazada müştərilərə başının qarışdığı vaxt dəyəri 500 manat olan mobil telefonu oğurlanıb.

Ərazidəki təhlükəsizlik kameralarına baxış keçirən bölmə əməkdaşları müəyyən ediblər ki, özlərini müştəri kimi göstərən iki gəncədən biri telefonu götürüb mağazadan çıxır. İndi polis görüntülər əsasında həmin şəxsləri axtarır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bələdiyyədə vəzifəli xanımı qarət edən kişi yaxalandı