Bakının iki böyük qəsəbəsi arasında yeni yol salınır - FOTO

13 Mart 2018 17:21

Ramana-Maştağa yolu ilə "Ramana Qalası" Tarixi abidəni birləşdirən yeni avtomobil yolu inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu il icra olunan 63 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi layihələri çərçivəsində inşa edilən yeni yolun uzunluğu 3,2 km, eni isə 6 m-dir.

Uzun illərdir köhnə və yeni Ramana qəsəbələri arasında birbaşa yol bağlantısı olmayıb. Hər iki qəsəbənin 12 mindən artıq əhalisi gediş-gəliş kimi əlavə bir-neçə km yol qət etməli olublar. Bu isə yük və sərnişin daşımasında xeyli problemlərə gətirib çıxarırdı. Yeni yolun inşası ilə isə sadalanan problemlərin birdəfəlik həlli gözlənilir.

Tikinti layihəsinə uyğun olaraq əraziyə yararlı material daşınaraq 0,8-1 metr hündürlükdə yeni yol yatağı inşa olunub. Daha sonra optimal qum-çınqıl qarışığından ibarət normativ qalınlıqda yol əsasının və yolun çiyinlərinin tikinti işləri aparılıb. Tikinti işlərinin növbəti mərhələsi kimi yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Belə ki, laylar arasına əlaqələndirici bitum səpilməklə, 20 min kv.m-ə yaxın sahədə yol örtüyünün alt layının tikintisi iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə aparılacaq.

Yol boyu hərəkətin normal təşkili üçün sonuncu mərhələdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da qısa müddət ərzində yolun tam yeni və müasir şəkildə inşası yekunlaşdırılaraq hər iki qəsəbənin əhalisinin istifadəsinə verilməsi planlaşdırılır.

Yusif Nəsirli
Milli.Az