"Kritı Araz"ın məhkəməsində: "Kameradan 2 telefon tapıldı"

13 Mart 2018 17:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İlqar Abdullayev ifadə verib.

O, təqsirləndirilən E.Şahbazovla qonşu olduğunu deyib. İ.Abdullayev təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını söyləyib.

Daha sonra digər zərərçəkmiş Rəşid Şükürov dindirilib. O qeyd edib ki, evindən oğurluq olub: "Biz evdə olan zaman hadisə baş verib. Həmin şəxs evdən qaçan zaman ayağında ayaqqabı olmayıb. Evdən isə heç nə apara bilmədi. Hətta həmin şəxsin gödəkcəsi də evdə qaldı, telefonu isə qonşunun həyətinə düşüb".

R.Şükürov söyləyib ki, hadisədən sonra polislər təqsirləndirilən R.Zahirovu evə gətirib: "Bu şəxsi isə həmin zaman tanıdım".

Məhkəmədə R.Şükürovun həyat yoldaşı və qızı da ifadə verib. Onlar evlərinə kiminsə oğurluğa girdiyini, səs-küydən sonra həmin şəxsin pəncərədən qaçdığını deyib.

Hakim isə təqsirləndirilən R.Zahirovdan hadisə barədə soruşub, lakin o, suala cavab verməyib.

Məhkəmədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi, ədiliyyə mayoru Ramiq Nəsibov ifadə verib. Onun sözlərinə görə, əməliyyat zamanı 8 saylı cəzaçəkmə müəssisinin kamerasında 2 telefon, qulaqcıq, "adaptr" və yaddaş kartı tapılıb: "Həmin kamerada 10 nəfər saxlanılırdı. Biz tapdıqlarımızı qanun çərçivəsində protokollaşdırdıq. Həmin zaman hal şahidi də gətirdik. Kamerada olan şəxslərdən soruşduqda "bilmirik" cavabı verdilər".

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin digər əməkdaşları da dindirilən zaman eyni məzmunlu ifadə veriblər. Onlar dindirilmə zamanı söyləyiblər ki, axtarış zamanı kamerada yalnız Araz Fərəcov olub: "Axtarış zamanı digər dustaqları kameradan çıxarmışdıq. Bu rəhbərliyin göstərişi idi".

Məhkəmənin növəti iclası martın 27-nə təyin edilib.

İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.

Milli.Az