"Azərbaycan cəmiyyəti dünya mədəniyyətinə açıqdır"

13 Mart 2018 17:05

"Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir. Amma bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır".

Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Qərbə inteqrasiya edən bir dövlətdir və Azərbaycan cəmiyyəti də dünya mədəniyyətinə açıqdır. Onun sözlərinə görə, müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir.

"Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hatta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaq. Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər səviyyəsində təmin olunur" - deyə, akademik vurğulayıb.

Milli.Az