"Bu ticarət dəhlizinin potensialı olduqca böyükdür"

13 Mart 2018 14:58

"Azərbaycan xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, səmərəli çoxmodullu nəqliyyat dəhlizlərinin qurulması yolu ilə ticarətin asanlaşdırılması və regiondaxili və transregional infrastrukturun uzlaşması ATƏT məkanında davamlı iqtisadi artıma töhfə verə bilər və verəcək. Xüsusilə də, ATƏT-in yaxşı idarətetmə və uzlaşma ilə bağlı Hamburq Nazirlər Şurası, o cümlədən nəqliyyatla bağlı bütün müvafiq ATƏT sənədləri və qərarları bu xüsusda əməkdaşlıq üçün faydalı çərçivə ilə təmin edir:

"Bununla yanaşı, biz bu prosesi daha inklüziv etməliyik və burada uzlaşma gündəliyinin təşviqində parlamentarilərin roluna diqqət çəkmək istərdim. Azərbaycanın Xarici İşlər Nazirliyi İpək Yoluna Dəstək Qrupunun yaradılmasını alqışlayır. Bu gün burada 22 iştirakçı dövlət var. Əlbəttə ki, bu rəqəm arta bilər. İnanıram ki, bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır. Zənnimcə, bu, regionda uzlaşmanın təşviqi üzrə bu qrupun gündəliyə töhfə verə biləcəyi daha bir elementdir".

E.Məmmədyarov bildirib ki, son illər Azərbaycan qeyri-neft sektorunun, xüsusilə nəinki ölkədə, həmçinin region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirmərklə əhəmiyyətli addımlar atıb: "Bununla yanaşı, regionlararası ticarət dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək məqsədilə ölkədə möhkəm davamlı siyasi və makroiqtisadi sabitliyə nail olmaq və inkişaf etdirmək zəruri idi. Bu xüsusda, Azərbaycan bir neçə illər əvvəl neft və qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib. Yeni və hələ də genişlənən Bakı Limanının ətrafında Ələtdə Azad İqtisadi Zona yaratmaqla bu dəfə ticarət-logistika sektorunda daha belə bir addım atdıq. Azad İqtisadi Zonanın məqsədi regiondan bir çox ölkələrin iqtisadiyyatını və çoxsaylı ticarət marşrutlarını qidalandıra bilən regional ticarət-logistika qovşağı kimi Azərbaycanın cəlbediciliyini artırmaqdır. Onun məqsədi Avropa və Asiya boyunca ticarəti asanlaşdırmaq və bununla ticarət və investisiya təşviqinin müasir vasitələrini tətbiq etməklə qədim İpək Yolu haqqında ideyanı canlandırmaqdır. Ümidvarıq ki, bu, Azərbaycanın Avropa və Asiya ilə ticarət, logistika və investisiya əlaqələrini daha da möhkəmləndirəcək. Azərbaycan nəqliyyat şəbəkələrinə, logistika mərkəzlərinə sərmayə qoyur. Bütün bunlar ticarətə xidmət edir. Bu, Prezident İlham Əliyevin strateji baxış və fəlsəfəsinin tərkib hissələridir".

O əlavə edib ki, bu məqsədə uyğun olaraq Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca qonşu dövlətlər və ATƏT-in digər maraqlı iştirakçı dövlətləri ilə tərəfdaşlıqda regional və regionlararası çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafıdır:

"Yalnız Çin və Aİ arasında ticarətin həcminin 500 milyard avro olduğunu nəzərə alsaq, aydın olur ki, bir-biri ilə münaqişə və ya rəqabətdə deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları diversifikasiya olmalıdır. Buna görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Şərq-Qərb ticarət dəhlizi strategiyasının məhək daşı kimi ali məqsədi Şərqi Asiya ilə Avropanı əlaqələndirəcək olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu irəli sürüblər. Bu, iştirakçı dövlətlərin dəmir yolu şirkətlərinin, dəniz limanlarının və dənizçilik şirkətlərinin korporativ institusional təşəbbüsüdür. Bu marşrut boyunca ikitərəfli ticarət axını Qara dəniz və Türkiyə boyunca inkişaf edə bilər. Bununla yanaşı, Rumıniya və Bolqarıstanda da bu ticarət marşrutuna qoşulmaqla bağlı marağın artması əlamətləri var. Bizim iklin hesablamamız gələcək illərdə təxminən 3-4 milyon ton məhsulun nəql edilməsidir və bundan sonra ildə 8 milyon ton həcmə nail olmaqdır. Bu xüsusda və bu məqsədi nəzərdə tutaraq biz birinci mərhələdə 6-7 milyon ton yük ötürücü qabiliyyəti olan və ondan sonrakı ildə 17 milyon ton artırmağı nəzərdə tutan strateji sütun olan Bakı-Tbilisi-Qars dəmir yolunu inşa etdik. Ötən ilin oktyabr ayında istifadəyə verilmiş və Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə bu dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini əlaqələndirəcək, Avropa və Asiya arasında etibarlı və inteqrasiya edilmiş dəmir yolu ilə yük daşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək və iştirakçı ölkələrin nəqliyyat və tranzit qabiliyyətini artıracaq və bölgədə iqtisadi artım, sabitlik və rifahı artıracaq Yeni İpək Yolu adlandırılan qitələrarası dəhlizin əsas hissəsidir".

Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ilk mərhələdə bir milyon sərnişin və bir neçə il ərzində 3 milyon sərnişin daşıyacağı, bununla da müxtəlif regionlar boyunca insanların hərəkətlərinə, onların rifahına və mədəniyyətlərarası əlaqələrdə artıma yol açacağı gözlənilir:

"Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Avropa ölkələri üçün imkanlar açacaq. Bu, Lyaapis-Lazur ticarət və tranzit dəhlizində Əfqanıstanın ticarət potensialını artırmaq və onu Avropaya birləşdirmək məqsədi daşıyan mühüm bir əlaqədir. Təsadüfi deyil ki, Xəzər regionu və Orta Asiyanın daxili və xaricində olan bir çox ölkələr bu dəmir yolundan ticarət məqsədləri üçün istifadə etməyə maraq göstərirlər. Aİ-nin bu dəmir yolu əməliyyatlarına daxil olmasını alqışlayan bəyanatı bu layihənin yalnız bu əsas region üçün deyil, həm də Avropa üçün əhəmiyyətini tanımasının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Aİ ilə ticarət-nəqliyyat sahəsində əməkdaşlıq perspektivini araşdırmaq niyyətindədir. Bəyanatlar və bəyannamələrlə özümüzü məhdudlaşdırmayaraq, Avropa İttifaqının praktik baxımından Azərbaycan və onun ticarət dəhlizlərinə Trans-Avropa nəqliyyat şəbəkələrinin genişləndirilməsi prosesində necə dəstək və töhfə verdiyini görmək istərdik. Ötən ilin noyabr ayında Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini ilə birlikdə bu mövzuda Yüksək Səviyyəli Sənədə imza atmağım Azərbaycanın BTQ və digər layihələrin birgə faydaları və vizionunu Avropalı tərəfdaşlarımızla həyata keçirmək öhdəliyinin göstəricisidir".

Onun sözlərinə görə, Hindistan, İran ilə Türkiyə və Avropa arasında körpü salmaq məqsədi daşıyan başqa bir ticarət dəhlizi də var ki, bu, Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur. Bu marşrutu Polşa, Ukrayna, Gürcüstan, İran və Azərbaycan dəmir yolu səlahiyyətliləri birgə inkişaf etdirirlər. Bununla yanaşı, Almaniya dəmir yolu şirkəti "Deutsche Bahn" və "DB Schenker" ilə keçirilən müzakirələr bu yaradıcı-ticarət layihələrində aparıcı logistika şirkətlərinin böyük kommersiya maraqları olduğunu göstərir. Həqiqətən bazarları Cənub-Qərb dəhlizi vasitəsilə işləyən ölkələr arasında ümumi ticarət 200 milyard ABŞ dollarından çoxdur. Bu ticarət dəhlizinin potensialı olduqca böyükdür:

"Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir ki, bu da İran və Rusiyadan keçməklə Körfəz ölkələrindən Avropaya yüklərin daşınmasına imkan verəcək. Azərbaycan 2005-ci ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulub və o vaxtdan bəri bir tərəfdən Şimali Avropa, Almaniya, Rusiya, o biri tərəfdən isə Cənub-Qərbi Asiya və Cənubi Asiya arasında ticarət axınlarını sadələşdirmək üçün bir sıra əhəmiyyətli addımlar atıb və qərarlar qəbul edib. Bu dəhliz vasitəsilə ticarət axınının proqnozu ilk tammiqyaslı əməliyyat zamanı ilə 3 milyon ton və sonrakı inkişaf mərhələsində 20-30 milyon ton məhsul arası dəyişir. Bu dəhlizdə Avropanın və Asiyanın müxtəlif bölgələri arasındakı marşrutların çoxluğu nəzərə alınırsa, əsasən illik 20 milyard ABŞ dolları dəyərində ticarət potensialından söhbət gedir".

E.Məmmədyarov bildirib ki, Azərbaycan hökumətinin uzlaşmanı təşviq etmək üçün digər bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən effektiv ticarət formalaşması, idxal, ixrac və tranzit sərhəd prosedurlarını sadələşdirməklə nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir: "E-imza prinsipi əsasında e-bəyannamə sistemi kimi ticarətin sadələşdirilməsi tədbirlərində informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Və mən əminəm ki, bu gün müxtəlif natiqlərdən həmin işlərin müxtəlif aspektlərini eşidəcəksiniz.

Təmaslar və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi sahədə qarşılıqlı iqtisadi əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində iştirak edən dövlətlər arasında münasibətləri istiqamətləndirən prinsiplərə tam şəkildə riayət edildiyi təqdirdə regional təhlükəsizliyə kömək edə bilər. Bu xüsusda, Helsinki Yekun Aktında təsbit edilmiş xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə tam hörmət prinsiplərini vurğulamaq lazımdır. Bu baxımdan ATƏT-in iştirakçı dövlətlərinin 2010-cu il Astana Bəyannaməsini xatırlamaq yerinə düşər. İştirakçı dövlətlər Helsinki Yekun Aktında nəzərdə tutulan və iqtisadi əməkdaşlığın dövlətlərarası dinc münasibətlərlə bağlı olduğunu təsbit edən hərtərəfli, kooperativ, bərabər və bölünməz təhlükəsizlik konsepsiyasına sadiq olduqlarını bir daha vurğuladılar".

Nazir deyib ki, Azərbaycan məhz bu dövlətlərarası dinc münasibətlər və iqtisadi əməkdaşlıq öhdəliyi ruhu ilə ticarət dəhlizlərini və nəqliyyat infrastruktur layihələrini təşviq edir:

"Bu məqsədlə biz, həmçinin inklüziv regional əməkdaşlığın siyasi və ticari cəhətdən zəruri arxitekturasını gücləndirmək üçün regional və sub-regional dövlətlərarası çərçivələr şəbəkəsini də yaratdıq. Maneələrin aradan qaldırılması, regional və regionlararası uzlaşma layihələrində müxtəliflik yaratmaq Azərbaycanın ikitərəfli münasibətlərində və tərəf olduğu bütün beynəlxalq və regional iqtisadi təşkilatlarda önəm verdiyi istiqamətlərindən biridir. Müxtəlif dini, iqtisadi və ya siyasi konfessiyalara məxsus olmaq maneələr yaratmamalıdır. Beləliklə, xalqlar bir-biri ilə ticarət edir, bir-birinin iqtisadiyyatlarına sərmayə qoyur və bir-birinə qarşılıqlı hörmət və etimad əsasında dəstək olurlar. İpək Yolunun məqsədi maraqlı və istəkli olan hər kəs üçün paylaşılan bir mənfəətdir. Bakını tərk edərkən özünüzlə götürməyinizi xahiş etdiyim bir ismarıc varsa, o da budur: Azərbaycan indiyədək bu mənfəət və dəyərlərə töhfə vermək üçün səylə çalışıb və və bu məqsəd naminə daha da fəal olmağa hazırdır".

Milli.Az