Xuraman Vəfadan kəskin tənqid - Böyük bir uçurumun kənarındayıq, xalqın əxlaqı korlanır

13 Mart 2018 13:56

"Musiqimizə, mahnılarımıza baxsaq görərik ki, böyük bir uçurumun kənarındayıq".

Bu barədə Milli.Az- a açıqlamasında bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib şairə Xuraman Vəfa bildirib. Onun sözlərinə görə, akademik mahnılar artıq itmək üzrədir:   

"Xalqın zövgünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var. Necə ki müğənni oxuyur, alətlər də onu ifadə etməlidir. Musiqi alətlərimiz bir sintezatorla əvəz edilib. Son zamanlar musiqi bəstələnmir. Mən deyərdim bəstəkarlarımızın çoxu incəsənətdən küsüb. Baxırsan, müğənnilər elə bəstəkarlara üz tuturlar ki, adam söz tapmır deməyə. İndi hər kəs öz kitabını oxuyur, hərə öz havasında oynayır. Sənəti öldürən insanlar əslində, xalqın düşmənidir. Bizim incəsənətimizə düşmən kəsiliblər. Milli əsərlərimizi guya sintez edib Avropaya çatdırırlar. Daha da bərbad günə qoyurlar bizim xalq mahnılarımızı. Bir vaxtlar televiziya kanallarında, Bəstəkarlar İttifaqının özündə senzuralar var idi. Hər mahnılar qəbul olunmurdu. Bu problem Bəstəkarlar İttifaqı səviyyəsində də həll olunacaq bəla deyil. Bu gün hamı bəstəkar, hamı şair olub. Müğənni həm bəstəkardır, həm musiqiçidir, həm də söz yazarıdır. Nə qədər ki, bu fəlakət qarşımızda duracaq, bizimlə bir addımlayacaq, sənətimizdə irəliləyiş olmayacaq. Bu bayağı mahnılar insanların zövgünü korlamaqla yanaşı, həm də əxlaqi cəhətdən kasıbdır. Xalqın əxlaqını korlayan mahnılardır. Həmin sənətdən xəbəri olmayanlar ən böyük konsert salonlarında konsert verirlər. Əvvəllər hər adam Heydər Əliyev adına sarayda konsert verə bilməzdi. İndi yerindən duran o salonda  konsert verir".

Xuraman xanım eyni zamanda bayağı mahnıların yayılmasında bölgələri günahlandıranlara da cavab verib. O, bildirib ki, bölgələrimizdə kifayət qədər ziyalı, zövqlü insanlar var: "Gəlin heç də uzaq olmayan tarixə nəzər salaq. Şəfiqə Axundova Şəkidən, Üzeyir Hacıbəyov Şuşadan gəlib. Bu siyahını uzatmaq da olar. Problemi bölgələrin üzərinə atıb o insanları günahlandırmasınlar. Tariximizə, ədəbiyyatımıza, kinolarımıza, musiqimizə nəzər salsaq, görərik ki, bölgələrdən necə nəhəng sənətkarlar çıxıb. Ondansa problemin həllinə çalışılsın. Həll yolunu isə mən nəzarətdə görürəm. Sözlər və musiqi təhlil olunmalıdır. Onu da qeyd edim ki, bu cür mahnıların təbliğatı təkcə televiziya və radiolarda aparılmır. Restoranlar, alış-veriş mərkəzləri və digər ictimai yerlərdə bayağı mahnılar təbliğ olunur. Bunların qarşısı alınmalıdır".

Zərif Nisə
Milli.Az