"Biz onlardan qorxmuruq" - Cəbhə bölgəsində Yel çərşənbəsi - VİDEO - FOTO

13 Mart 2018 13:52

"Külək oyadan çərşənbə", "Nəfəs çərşənbə", "Badi çərşənbə"... Novruzun üçüncü, "Yel çərşənbəsi" el arasında müxtəlif cür adlansa da inanclar eynidir: bu çərşənbədə oyanan külək Yer üzünü gəzir, özü ilə bərabər suyu, odu gətirir. İsti-soyuq küləklərin əsməsi isə yazın gəlişindən xəbər verir.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, cəbhə bölgəsi olan Tovuzda da artıq yazın təravəti duyulur. Təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olan Ağdam kəndində əsl bayram abu-havası hökm sürür. Bahar özü ilə bu torpaqlara bir istilik, şadyanalıq gətirir.

Pərvanə Əzizova - sakin: "Novruz bayramında bizim kəndin gözəl adətləri var. Xalalar, bibilər, nənələr ərişdə kəsir, yuxa bişirir, həyət-bacaları, evləri təmizləyirlər. Tonqallar yandırırıq. Baxmayaraq ki, ermənilər atəşkəs rejimini pozur, amma biz onlardan qorxmuruq. Öz işlərimizlə məşğul oluruq. Kəndimizin firavanlığını istəyirik".

Yel çərşənbəsi ola, yelləncək asılmaya. Böyüklər yaşlı meyvə ağacından yellənçək asar, balacalar isə yellənmək üçün sırasını gözləyərlər. Hər çərşənbədə olduğu kimi yel çərşənbəsində də evdəkilər çöldən gələn səslərə diqqət kəsilirlər. Birdən qodu-qodu nəğməsi oxunar, uşaqlar papaq atar, amma onlar eşitməmiş olarlar. Elə ki, bayram tonqalı qalanır, kənddə böyükdən-kiçiyə hər kəs onun ətrafına yığışır. Əlbəttə, güclü Ordumuz bu gün cəbhə bölgəsində yaşayan hər bir azərbaycanlıya bu cür cəsarət, güvən verir, eyni zamanda torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, Novruz tonqallarının o torpaqlarda qalanacağına böyük inam yaradır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin: