Ermənilərin Tbilisi şəhərinə iddiaları

13 Mart 2018 13:10

Ermənilər Tbilisinin qədim erməni şəhəri olduğunu iddia edirlər

Milli.Az SİA-ya istinadən AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri Vahid Ömərovun yazısını təqdim edir.

Yaşadıqları ölkələrdə separatizmlə məşğul olan milli maraqları və xəstə "erməniçilik" ideyaları naminə saxtakarlıq, yalandan əl çəkməyən Qədim Azərbaycan şəhəri İrəvanı paytaxt elan edən ermənilər qonşu Gürcüstanın paytaxtı Tbilisinin də qədim erməni şəhəri "Tpxi" olduğunu iddia edirlər. Hələ Sovet dönəmində 1961-ci ildə İrəvanda çap olunan B.S.Nalbandyanın "Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində" adlı saxta əsərində Tbilisini qədim erməni şəhəri kimi təqdim etmişdir. Bu günlərdə Gürcüstanın "Saerto" qəzetində 2017-ci il dekabrın 7-də "Ermənilər Tbilisinin adını dəyişdirmək istəyirlər" adlı yazıda müəllif Georgi Qorqadze ermənilərin əsassız iddialarına qarşı Gürcüstan hökümət orqanlarının passivliyini kəskin tənqid etmişdir: "Biz unutmamalıyıq ki, hələ keçən əsrdə (XX əsr) ermənilər Gürcüstana qarşı müharibəyə başladılar. Lakin onda heç nə əldə edə bilmədilər. Ancaq ermənilər arzulayırlar ki, bir gözəl gündə, əlbəttə, başqalarının köməyilə onlar Tbilisini "qaytaracaq" və onu daha "yaxşı" erməni adı ilə "Tpxi" adlandıracaqlar".

Bədnam qonşularımız Tbilisinin ermənilər tərəfindən tikildiyini və əksər şəhər merinin erməni olduğunu iddia edirlər. Halbuki ermənilər öz xislətlərinə uyğun olaraq, bəzi rus soyadlarını saxtalaşdıraraq erməniləşdiriblər. Məsələn, onlar Qədim Tbilisinin merləri olan rus zadəgan nəslindən İzmayılovu İzmayılyans və İvanı "Ovanes" kimi təqdim edirlər. Ermənilərin Tbilisiyə əsassız iddiaları gürcü-erməni qarşıdurmasına səbəb olmuşdur. Vətənpərvər gürcü ziyalıları ermənilərin bu cür əsassız iddialarını ifşa etmişlər. Buna görə də, Gürcüstanda XIX və XX əsrlərdə ermənilər əleyhinə güclü hücumlar başlamışdır. 1897-ci ildə Tbilisidə nəşr olunan "İveriya" qəzetində çap olunmuş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: "Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların haradan haraya əlləri uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir". İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları erməniləri bütün xəyanətlərinə görə ittiham etmişlər.

1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan ərazi iddiaları irəli sürərək, Gürcüstana müharibə elan etdi. Erməni cəlladı, quldur və terrorçusu Daşnak Ermənistanın "general" rütbəsi verdiyi Dro-Drastamat Kanayan dekabrın 14-də Axalkalakini, dekabrın 20-də Şulaveri, dekabrın 25-də Tiflisi işğal etdi. İnglislərin köməyi ilə tərəflər arasında 1918-ci il dekabrın 31-də barışıq yarandı, Tiflis ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi, erməni əhalisi Tiflisdən qovuldu, Gürcüstan Erməni Şurası üzvləri, "Daşnaksütyun" partiyasının liderlərindən ibarət Gürcüstan Parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və işdən azad edildi. Tiflisin ermənilərdən təmizlənməsinin birinci mərhələsinə başlandı, iclaslarda erməni dilində çıxış etmək qadağan edildi.

İosif Stalin və Lavrenti Beriya Tiflisin ermənilərdən təmizlənməsini gücləndirərək, 1936-cı ildən Tiflisi Tbilisi adlandırmağa başladı. 1949-cu ildə Tbilisi məkrli "antisosial" elementlər kimi ermənilərdən ikinci dəfə təmizləndi.

Gürcü elitasını ən çox qıcıqlandıran Gürcüstanda yaşayan erməni əsilli tarixçi Levan Taktakişvilinin saxtakarlıqla Tiflisin ermənilər tərəfindən və ermənilərin vəsaitilə tikilməsi iddiasını irəli sürməsidir. Gürcüstan tarixşünaslığında isə haqlı olaraq ermənilərin 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürüldüyü göstərilir.

Bu gün erməni icması müasir Tbilisidə Avlabarda məskunlaşıb. Ermənilər Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Abxaz-gürcü münaqişəsində Abxaziyanın hərbi strukturlarına daxil olan "Marşal Baqramyan adına batalyon" gürcülərə qarşı amansızlığı ilə fərqlənmişdir. Ermənilər Gürcüstanın gözəl, şöhrətli paytaxtı Tbilisiyə həsrətlə baxaraq, onu "itirilmiş erməni şəhəri" siyahısına aid edirlər. Azərbaycanın qədim yaşayış məskəni olan Azərbaycan Xalq Cumhuriyyətinin Ermənistana verdiyi İrəvanı özlərinə paytaxt etmiş ermənilər, Gürcüstanın paytaxtını da özlərininki hesab etməklə, erməni həyasızlığının ən bariz nümunəsini nümayiş etdirirlər.

Milli.Az