Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "nargismagazine.az"a müsahibə verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırda Berlində iddiaçıların turnirində iştirak edən həmyerlimiz bir sıra maraqlı məqamlara toxunub.
- Həyatınızda şahmat olmasaydı, özünüzü harda görərdiz?
- Yəqin ki, yaxşı maliyyə analitiki, bank mütəxəssisi və ya psixoloq ola bilərdim. Amma heç vaxt gələcəklə bağlı şahmatsız plan qurmamışam.
- Fiziki idman növlərindən danışmasaq, şahmatla məşğul olan xanımlarda iddialılıq çatışmır. Bu isə kişilərə xas xüsusiyyətdi.
- Daha çox kimlə şahmat oynamaq xoşunuza gəlir?
- Həmişə qalib gəldiklərimlə.
- Deyirlər ki, yalnız güclü şahmatçı nədə zəif olduğunu bilir. Sizin gizlətmək istədiyiniz belə nöqtələr varmı?
- Gizlətmək yox, düzəltmək istədiyim cəhətlər var. Çalışıram ki, onlardan qurtulum.
- Əsas rəqibiniz kimdi?
- Yəqin ki, hazırkı dünya çempionu Maqnus Karlsen.
- Ailə, həyat yoldaşınızın dəstəyi sizin üçün nə dərəcədə vacibdi?
- Deyərdim ki, bu, qiymətsizdi. Məsələn, ailə həyatı qurandan sonra şahmatda reytinqim sürətlə yaxşılaşdı.
- Adi gününüz necə keçir?
- Adətən səhər saat 10-da yuxudan dururam. Ailəmlə vaxt keçirirəm, şahmatla məşğul oluram. Axşamlar isə dostlarımla görüşürəm.
- Bəs şahmatdan necə yayınırsız?
- Futbola baxmağı, dostlarımla domino oynamağı xoşlayıram. Aktiv idman növlərindən stolüstü tennisi üstün tuturam.
- Şahmat həm də döyüş strategiyasıdı. Necə düşünürsüz, şahmatçı real həyatda da lider ola bilərmi?
- Məncə, ola bilər. Peşəkar şahmatçı özündə çox xüsusiyyəti cəmləşdirir. Menecerə məxsus olan keyfiyyətlər də onda var. Liderlik, daim rəqabətdə olmaq və digər xüsusiyyətləri nəzərdə tuturam.
- Gülməyi xoşlayırsız. Bu sizə oyunlar zamanı kömək edirmi?
- Partiyaların gedişində gülmürəm. Çünki bu, lazımı qaydada köklənməyimə mane olur.
- Elə bir qələbə varmı ki, ondan sonra "Arzuladığım hər şeyə çatdım" deyəcəksiz?
- Həmişə can atdığın nəsə var. Hələ böyüklər arasında dünya çempionu olmamışam.
Milli.Az