Ana bətni və akvarium... - FOTO

12 Mart 2018 21:12

Ana bətnindəki gələcək körpə və akvariumdakı balıq... Görüntü və mahiyyət etibarilə oxşarlıq həm aşkardır, həm də qətiyyən yoxdur - balıq akvariumu tərk etdiyi təqdirdə nəfəsi kəsilib ölməyi birmənalıdır, akvarium onun yeganə yaşam aurasıdır. Balıq üçün bir akvariumu hansısa xəta üzündən tərk etmək fəlakətə, gerçək ölümə bərabərdi; əgər hansısa canıyanan onu başqa bir akvariuma salmasa.

Körpə üçün ana bətni dəqiq müəyyənləşdirilmiş zaman kəsiyi çərçivəsində olan ilkin mühitdir. Oranı tərk edəndən, dünyaya gələndən, başqa sözlə ana bətnində başladığı həyatını insanlar arasında davam etdirmək anına yetişəndən sonra nəfəsi kəsilib məhv də ola bilər, böyüyüb boya-başa da çata bilər - hər şey onun alnına yazılandan asılıdır.

Akvarium balıqlarının özəlliyi

Akvarium balıqları təbiət qoynundakı irili-xırdalı hövzələrdə üzən balıqlardan çox fərqlənirlər. Hövzələrdə yaşayan balıqlar insanların yaşadığı dünyanı suyun üzünə baş vurandan vurana görürlər, belə maraq və ya xüsusiyyət isə heç də bütün balıqlara xas deyil. Akvarium balıqlarının ömür yolunda hər şey fərqlidir - onların bəxtinə zəngin bir sahib çıxsa, akvariumu təbii hövzələri xeyli dərəcədə xatırladan görünüşdə ola bilər, balıq da özünü digər həmcinslərindən tam ayrı ab-havada hiss etməz və üstəlik, insanların dünyasını daim seyr etmək imkanı da ki öz yerində... Ümumilikdə isə akvarium balıqları, sanki, su dünyası ilə torpaq dünyası arasında elçilər, səfirlərdir...

"Mənim balığımsan"

Son zamanlar Dövlət Pantomim Teatrının sırf pantomim səhnə əsərləri ilə tamaşaçılarının görüşünə gəlməsini müşahidə etmək çox valehedicidir. Ötən həftəsonu bu valehediciliyə Milli Teatrımızın 145 illiyinin mötəbərliyi də qarışdı - truppa yeni "Mənim balığımsan" pritçasını (quruluşçu rejissor Bəxtiyar Xanızadə) məhz bu əlamətdar tarixə həsr edilmiş tərzdə təqdim etdi. Bəri başdan deyim ki, aktyorlar bütün səhnələrdə obrazları ilə yaratdıqları üzvi bağlılığı qoruyub saxlaya bildilər. 40 dəqiqəlik səhnə əsərinin adı romantik əzizləmə əhvalının səhnədə dominant olacağı təsəvvürünü yaratsa da, tamaşanın elə ilk səhnəsindən tamam başqa ovqata köklənəcəyimi hiss etdim: ana olmağa hazırlaşan gənc qadın (Səbinə Hacıyeva) və içində qırmızı balıq olan dəyirmi kiçik akvarium... və bir də dənizin səsi... Nizami Gəncəviyə görə dəniz soyuqluq, tənhalıq saçan təbiət hadisəsidir. Pritçanın davamında bu ovqatlar bu və ya digər dərəcədə qəhrəmanların həyatına hökm kəsildi: körpə dünyaya sapsağlam, lakin tənhalığa məhkum edilmiş olaraq gəldi. Ağlayan körpənin başına tanımadığı adamlar (Səbirə Həsənova, Elxan Şahalıyev, Leyla Atayeva, İbrahim Tağıyev) fırlanıb açıq çətirlərini onun üstünə tutub ovutmağa çalışsalar da, heç nə alınmır. Körpə yalnız anasının da çətiri altında sakitləşib kiriyir. Beləliklə, anasının onun həyatında məhz bu sayaq, fraqmental, xəfif görüntülü, tanınmaz şəxsli iştirakına öyrəncəkli böyüyür. Kiçikyaşlı uşaq ikən (Beyrək Rüstəmzadə) diqqətini məhz parlaq, əlvan rəngli çətirlərin cəlb etməsini də müəyyən ismarış kimi qəbul etmək olar. Və bu ismarışın nəticəsi olaraq uşaq böyüyüb (Elnur Rzayev. O həm də əsərin müəllifidir) gənc rəssam olur. Həyatının bu həlledici məqamı da anasının iştirakı olmadan ötüşmür. Gənc rəssam qırmızı plastilindən düzəltdiyi balığa tədricən gözəl qədd-qamətli qadın obrazı verir. Ona elə məftunluqla baxır ki, cansız heykəlciklə canlı qadın arasındakı fərqin nələrdən ibarət olduğunu belə unudur...heykəlciyin obrazı ilə anasının obrazı eyniləşir... gənc rəssam anasının kimliyindən xəbərsiz olduğuna görə onu dünyaya gətirmiş gənc qadını, sadəcə, cazibədar qadın kimi qəbul edərək ona vurulur... Hadisələrin belə gedişatı yaradıcı və həm də tənha insanın yaşantılarının ovqatını canlandırdı...

Sözün gücü

Bizim fikirlərimizin, fikirlərimizi dilimizə gətirdiyimiz sözlərimizin maddiləşmək xüsusiyyəti var. Başqa sözlə, niyyətin hara, mənzilin ora. Ananın hamilə ikən tənhalığa qapılması və üstəlik, balasını akvariumdakı balıqla eyniləşdirərək bir əli ilə akvariumu, digər əli ilə qarnını sığallaması oğlunun gələcək taleyini müəyyənləşdirmiş oldu - o dünyaya gələndən az sonra körpə ikən başqa insanların nəvazişini, himayəsini qəbul etmədi və bu köklənmə bütün həyatına təsir etdi. Qısa həyatı boyunca yalnız anası ilə ünsiyyəti münbit saydı. Amma bədbəxtliyi üzündən himayəsini qəbul etdiyi, vurulduğu qadınların hər ikisinin, əslində, yeganə bir qadın, anası olduğunu bilməyi ilə həyatının sona varmağı bir oldu - anasının "mənim balığımsan" nəvazişinin bəd sonucu özünü çox gözlətmədi, akvarium balığı üçün akvarium yeganə yaşam aurası olduğu kimi qadının oğlu üçün də ana bətni, ana himayəsi yeganə varolma mühiti kimi təsdiq olundu. Gənc oğlan bəşər övladı kimi gəldiyi dünyanın sınaqları qarşısında aciz qaldı. Sevdiyi qadınla anasının eyni adam olmasını aşkarlamasının dəhşətli sarsıntılarına davam gətirməyərək intihar yolunu seçir. Davamında teatr zalı bir neçə saniyəlik kino zalına çevrilir - ana, sanki, səhvini anlayaraq akvariumdakı balığı dənizə atır...

Düşünmək imkanı

Pantomim Teatrı tamaşaçıları üçün məhz bu imkanı yaradan teatrlardandır. Belə imkan tamaşa öncəsi teatrın rəhbəri Bəxtiyar Xanızadənin və ya direktoru və istedadlı veteran aktyorlarından biri Elman Rəfiyevin tərəfindən tamaşaçılara müraciəti - uğurlu seyrlər arzusu, teatrın tamaşaçısı olmağın özəlliyi kimi mətləblərlə başlayıb tamaşadan sonra fikir mübadiləsi şəklində davam edir. Başqa sözlə, teatrın fəaliyyəti onun yaradıcısı Bəxtiyar Xanızadənin "tamaşaçı barometrdir" kəlamına köklənib - hər bir tamaşa haqqında hər bir tamaşaçının təəssüratı, fikri diqqətlə dinlənilir və nəzərə alınır. Bu da təbiidi - Pantomim Teatrının tamaşaçıları ən azı illərlə bu teatr hadisəsinə sadiq teatrallardır. Bu amilə təkcə ölkəmizin deyil, başqa məmləkətlərin də mütərəqqi insanlarının, əsl ziyalılarının varlığını əlavə edəndə (məsələn, bu dəfə zalda M. Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi də var idi) mənzərənin valehediciliyi daha da dolğunlaşır...

Samirə Behbudqızı
Milli.Az