“Qarabağ”ın debüt oyunu haqda: Heç bir hiss yox idi

12 Mart 2018 18:11

Çempionlar Liqasında formatın dəyişdirilməsi böyük futbol ölkələrinin ürəyincədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla bağlı araşdırma aparan mütəxəssislər və KİV Çempionlar Liqasının gələn mövsümdən daha maraqlı olacağını düşünürlər.

Yazıda cari mövsümün qrup mərhələsindəki bəzi oyunlar nümunə kimi göstərilib ki, onlar arasında "Çelsi" - "Qarabağ" görüşü də var.

Həmkarlarımızın fikrincə, gələn mövsümdən böyük hesablı nəticələr qeydə alınmayacaq: "UEFA Çempionlar Liqasında yeni yol açıb ki, bu da kiçik futbol ölkələrinin işini çətinləşdirir. İndi hətta 1/8 final mərhələsində də birtərəfli oyunlar izləmək mümkündü. "Liverpul"un "Porto" (5:0), "Mançester Siti"nin "Bazel" (4:0), "Bavariya"nın isə "Beşiktaş" (5:0) üzərindəki qələbəsi çox şeydən xəbər verir. "Real" - PSJ, "Yuventus" - "Tottenhem", "Çelsi" - "Barselona" kimi cütlüklər həyəcanlı tamaşa deməkdi. Əsl Çempionlar Liqası budu. Azarkeşlərin tribunadan, televiziyadan izləmək istədikləri oyunlar bunlardı. Üstəlik, pul da qazandırır. Qrup mərhələsindəki APOEL - "Real" (0:6), PSJ - "Seltik" (7:1), "Çelsi" - "Qarabağ" (6:0) və "Maribor" - "Liverpul" (0:7) matçlarında isə heç bir hiss, həyəcan yox idi. Bunlar qeyri-ciddi oyunlardı. Ancaq format dəyişikliyindən sonra daha gərgin mübarizələr görəcəyik".

Qeyd edək ki, bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "Qarabağ" "Çelsi", "Atletiko" və "Roma"nın yer aldığı "ölüm qrupu"nda 2 xal yığa bilmişdi. Azərbaycan çempionu qrupdakı debüt matçında səfərdə "Çelsi"yə 0:6 hesabı ilə məğlub olmuşdu.

Milli.Az