Azərbaycanın qoca Azefi: yaş müdriklik deyil

12 Mart 2018 10:13

Talanı və yalanı dayandırın, vətəndaşın haqqın verin, Qarabağı azad edə bilmirsinizsə, siyasi məhbusları azad edin, iş, çörək, Qarabağ, millətin haqqı və hüququ meydanda əsas hədəflərimiz olacaq. Əlbəttə, sizinlə birlikdə.

Milli Şuranın sədri, real siyasi mübarizəni çoxdan bəri virtual açıqlamalar və bir dəstə tərəfdarının qarşısında ifrat emosional çıxışlarla əvəzləmiş Cəmil Həsənli martın 10-da Bakıdakı "Məhsul" stadionunda keçirilmiş mitinq ərəfəsində belə yazmışdı.

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində prezidentliyə iddialı, amma bu seçkiləri boykot etdiyini xüsusilə, dəfələrlə vurğulayan insan siyasətdəki diletantlığını, hakimiyyət mübarizəsini yalnız konkret fərdlərə ünvanlanmış böhtanlar və ittihamlar qismində anlayan kəs belə düşünür.

Cəmil Həsənlinin professor, daha konkret olsaq, özü dediyi kimi, tarixçi-alim olduğunu da xatırlasaq, vəziyyət tragieomediyaya çevrilir.

Bu məzhəkənin müəllifi və əsas personajı da əfsuslar olsun ki, elə Cəmil Həsənlinin özüdür.

İstənilən siyasi mübarizənin əsasını, alfa və omeqasını hakimiyyət uğrunda çarpışma təşkil edir. Belə mübarizədə normal olanda sosial-siyasi dəyərlər sistemləri fərqli olan qüvvələr qarşılaşırlar. Siyasətçi də mütləq şəkildə məhz öz sisteminə söykənir, tərəfdarlarının, onu dəstəkləyən insanların arzularını və istəklərini reallaşdırmağa can atır.

Azərbaycan müxalifətinin indiki durumunu nəzərə alsaq, reanimasiyaya ciddi ehtiyac duyan bu siyasi düşərgədə konseptual yenilikər olmalı, yenidənqurma və təmərküzləşmə başlamalı, yeni siyasi liderlər ortaya çıxmalı, ətalət və süstlük içində olan partiyalar aktivləşməlidir.

Əvəzində biz dəyişməyən personajları, fərqsiz simaları və gün keçdikcə daha da radikallaşan personajları görürük.

Cəmil Həsənlinin şüarlar lüğətinin əsasını "İş, çörək, Qarabağ" təşkil edir və bu, "tarixçi alim" olduğunu vurğulamaqdan usanmayan şəxsi siyasət tarixinin aksiomları ilə sosial modellərin düzümünü əsla bilmədiyini göstərir.

Cəmil Həsənli hakimiyyəti necə təsəvvür edir? Bu şəxsə insan azsaylı dəstə doğrudanmı zənn edir ki, iş, çörək və Qarabağ problematikasını toplu halda, ən başlıcası isə eyni vaxtda "həll etmək" cənab Həsənlinin bacarığı, dünyagörüşü və bilikləri çərçivəsində olan məsələdir?

Dağlıq Qarabağ münaqişəsinin çözülməsini Cəmil Həsənli sırf dinc danışıqlar yolu ilə görürsə, yanılır.

Çünki Sovetlər Birliyi dağılanda Ermənistanla Azərbaycanın qarşısında seçim vardı: ya Dağlıq Qarabağ, ya müstəqillik.

Azərbaycan tam, sözsüz, müstəqillik yolunu tutdu, amma bu yolda bəlli dövlətlərin və məlum qüvvələrin marionetkasına çevrilmiş Ermənistanın işğalına məruz qaldı, ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı müvəqqəti də olsa, itirdi.

Ermənistan isə müstəqilliyini bəhs etdiyimiz dövlətlərə və qüvvələrə hədiyyə edərək Dağlıq Qarabağı işğal etdi: özü yox, o qüvvələrin birbaşa yardımları hesabına.

Cəmil Həsənli Dağlıq Qarabağ probleminin həllinə başlayaraq işsizlik səviyyəsini azaldacağını və əhalinin maddi rifah səviyyəsini sürətlə yüksəldəcəyini bəyan edirsə, ya romantikaya qapılmış sadəlövhdür, ya da siyasi fırıldaqla məşğul olan şüarçı müxalifət dəllalı.

Hər halda Milli Şura adlı komik qurumun ciddi görünməyə çalışan sədrinin dəllal olmadığını düşünək və davam edək: Həsənli bəyan etdiyi məqsədlər barədə "meydanda əsas hədəflərimiz olacaq" yazıb.

Facebook səhifəsində, onu dəstəkləyən sadəlövhlərə xitabən.

Və yenə də kolliziya var ortada: Milli Şura sədri "məqsəd" və "hədəf" sözlərinin mənalarını bilməmiş deyil.

Məqsədə can atılır, hədəf vurulur və unudulur - yeni hədəflər seçildiyinə görə.

Cəmil Həsənli nəyi vurmaq və nəyi unutmaq niyyətindədir - izah edə bilərmi?

"Qarabağı azad edə bilmirsinizsə, siyasi məhbusları azad edin" ifadəsi də məntiqin işcəncəyə məruz qaldığı paradoksal söz yığınıdır.

Əvvəla, Cəmil Həsənlinin "siyasi məhbus" adlandırdığı insanların istisnasız olaraq hamısı Cinayət Məcəlləsinin bu və digər maddələri ilə konkret əməllərinə görə (!) azadlıqdan məhrum olunublar.

Onların arasında din pərdəsi altında destruktiv fəaliyyət göstərərək Azərbaycanı "Şəriət əmirliyi" kimi görmək istəyənlərdən tutmuş, odlu silah saxlamışlar, iğtişaşlara və zorən hakimiyyət dəyişiklikliyinə çağırış etmişlərədək ən müxtəlif "çalarlı" insanlar var.

Bu insanların azad olunması Dağlıq Qarabağ münaqişəsinin həllini, işğal olunmuş torpaqlarımızın azad edilməsi prosesini daha da çətinləşdirər -  ilk baxışdan sərt və bir qədər paradoksal görünsə də.

Çünki daxildə gərginliyin artması, vətəndaş qarşıdurmasına çağırışlar edənlərin özlərini asudə və sərbəst hiss etmələri, üstəlik də xaricdən maliyyələşmələrini daha da fəallaşdıraraq "mübarizə" elan etdikləri dağıdıcıqlarını gücləndirmələri Azərbaycanın yox, Dağlıq Qarabağ münaqişəsi müstəvisində qarşı tərəfdə olan dövlətin xeyrinə olan məsələdir.

Cəmil Həsənli bunu anlamamış deyil, amma hər şeyi anladığını göstərərək ətrafındakıların anlamasını əngəlləyir.

Nəyisə bilməmək qüsur deyil.

Qüsur yanlış bilib, yaxud dürüst bilib yanlış qələmə verməklə insanları çaşdırmaq, onları düz yoldan sapmağa sövq etməyə can atmaqdır.

Cəmil Həsənli romantik yeniyetmə, yaxud maksimalizmə qapılması təbii hal olan gənc yox, ömrünün böyük qismini yaşamış və nəzəri cəhətdən müdrik olası adamdır.

Di gəl, əksinə, onun fəaliyyəti, çağırışları Cəmil Həsənlinin müdriklik əldə etdiyini düşünməyə imkan vermir.

"Niyə"lərə cavablar çoxdur.

Məsələn, iki cağırış (10 il) Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş bir insan. 2000-ci ildən 2010-cu ilədək parlamentdə oturub mövcud hakimiyyətin apardığı siyasəti, ümummilli lider Heydər Əliyevin uğurlu tarixi missiyası, Prezident İlham Əliyevin tutduğu yolu dəstəkləyən bu keçmiş deputat indi mandatların pulla satıldığını iddia edir. Maraqlıdır, müəllim işləyə-işləyə hansı pulla deputat seçilib Cəmil Həsənli? Hələ bu, azmış kimi, 2010-cu ildə yenidən deputat seçilmək üçün müstəqil namizəd kimi 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

Deputat olduğu zaman mətbuatda, elə rəsmi dövlət qəzeti olan "Azərbaycan"da dərc olunan yazılarını, Azərbaycan iqtidarını sürəkli təriflədiyini unudubmu Cəmil Həsənli?

Cəmil Həsənli partiya yoldaşlarına arxa çevirərək Milli Məclisə üz tutmuşdu. Hansı ki, indi də həmin partiya yoldaşlarının yanına sığınıb. Bu adam ikiüzlü olmaqla yanaşı, absurdu siyasi fəaliyyət vasitəsinə çevirmiş yaltaqdır.

Əcəba, bir zamanlar iqtidarın ən böyük yaltağı olmuş Cəmil Həsənli niyə indi iqtidarın əleyhdarına çevrilib? Hər kəs görür ki, Cəmil Həsənlinin danışığı ilə deputat olan zaman etdiyi çıxışlar heç bir halda üst-üstə düşmür. Cəmil Həsənli bu gün tamam başqa bir simada özünü göstərir.

Cəmil Həsənli, ümid edirəm, Müsavatın sabiq başqanı, bir zamanlar onu prezident seçkilərində "vahid namizəd" edən ən yaxın adamı Müsavat başqanı İsa Qəmbərin etirafını unutmayıb.

İsa Qəmbər seçkilərin nəticəsi ilə bağlı rəy bildirərkən Cəmil Həsənlinin cəmi 4 faiz civarında səs toplamasını etiraf edərək "bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır" demişdi.

Dövlətdən hər ay iki min manata yaxın təqaüd alan Cəmil Həsənlinin "iş, çörək"dən danışması nə qədər də ironikdir.

... 20-ci ilin əvvəllərinədək provokasiya, yəni təxribat (latınca "provocatio) sırf hüquqi anlam daşıyaraq iddia ilə çıxış etmək mənasını verirdi.

Məsələn, Fransada zadəganlar arasında "provokasiya" duelə təhrik etməkdi.

Lakin 19-cu əsrdə elə həmin fransızlar "agent provocateur" anlamını gündəmə gətirdilər. "Agent provocateur", yəni təxribatçı agent ehtiyatsız insanların dediklərini yadda saxlayır, yazır, sonra bu sözləri ağalarına ötürürdü.

Daha sonra hüquqa "in flagranti" ("hadisə yerində yaxalamaq") anlamı gələrək praktikaya çevrildi.

Çar Rusiyasında təxribatçılıq edərək insanları provokasiyaya çəkən, sonra da hadisə yerini hamıdan tez tərk edib yaxasını kənara çəkən ən peşəkar adam Yevno Azef idi.

Deyəsən, Cəmil Həsənli də ona hələ də inananlar, yanıldıqlarını anlamayanlar üçün Azef funksiyasını yerinə yetirməkdən həzz alır.

Siyasi mübarizə həzz, çılğın ittihamlar və meydançılıq səviyyəsinə endirilməsi isə "Məhsul"dakı fiaskoları şərtləyir.

Alternativ yoxdur, "tarixçi alim".

Orxan Hun
Milli.Az