AzərTAc və “Vətən” Cəmiyyəti Kopenhagendə Azərbaycan Mədəniyyəti Günü keçirib - FOTO

29 Noyabr 2014 23:21

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) artıq iki ildir diaspor təşkilatlarımızla birlikdə ölkəmizin tarixi, mədəniyyəti, reallıqlarının geniş təbliği istiqamətində birgə layihələr həyata keçirir.
 

Noyabrın 29-da Danimarkanın paytaxtı Kopenhagen şəhərində AzərTAc-ın və bu ölkədə fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günü qeyd edilib.
 

Azərbaycan və türk diasporunun, Danimarka ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığı barədə söhbət açılıb, onun əsərlərindən parçalar, musiqisi əsasında hazırlanmış rəqslər təqdim edilib.
 

Tədbirdə çıxış edən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycandan uzaqda yaşayan həmvətənlərimizin bir araya gəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi cəmiyyətin Azərbaycan musiqisinin, mədəniyyətinin Danimarkada təbliği ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. AzərTAc tərəfindən cəmiyyətə milli geyimlər və dərs kitablarının təqdim edildiyini bildirən S.Sadiqi bütün bunların xaricdə yaşayan hər bir azərbaycanlının arxasında güclü Azərbaycan dövlətinin dayanmasının göstəricisi olduğunu deyib.
 

Tədbirdə çıxış edənlər hər bir millətin yaşaması üçün onun milli musiqisinin, mədəniyyətinin və adət-ənənələrinin qorunub saxlanmasının, təbliğ edilməsinin önəmindən danışıblar. Onlar müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin bənzərsiz yaradıcılığının yaşadıqları ölkədə belə sevildiyini, bu əsərlərin sərhəd tanımadığını qeyd ediblər. Danimarkada doğulub böyüyən hər bir azərbaycanlının milli musiqimizin, mədəniyyətimizin tarixi, bu günü barədə yaxşı məlumatlandırılmasının vacibliyi vurğulanıb və gələcəkdə belə tədbirlərin tez-tez keçiriləcəyi bildirilib.
 

Danimarkada fəaliyyət göstərən türk diasporunun rəhbəri Bahadur Güler Azərbaycan Mədəniyyəti Gününün təşkilinə görə AzərTAc-a və "Vətən" Cəmiyyətinə təşəkkür edib. O, belə tədbirlərin həm Azərbaycan, həm də türk dünyası mədəniyyətinin daha geniş təbliğinə imkan yaradacağını deyib. B.Güler qeyd edib ki, gələcəkdə belə tədbirlərin seminar və konfrans şəklində keçirilməsi daha geniş auditoriyanı mədəniyyətimizin zənginliyi ilə tanış etmək imkanı yarada bilər.

Qeyd edək ki, "Azərbaycan evi"ndə yaradılan "Cırtdan" uşaq studiyasının kiçik rəqqaslarına tədbir çərçivəsində AzərTAc tərəfindən milli geyimlər və dərs kitabları hədiyyə edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin