Rusiya "Lassa qızdırması" barədə xəbərdarlıq etdi

11 Mart 2018 11:12

Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Qanaya səfər etməyi planlaşdıran rusiyalılara xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəbərdarlıqda qeyd edilib ki, Qana Səhiyyə Nazirliyi müalicə məqsədi ilə Noquçi Tibbi Tədqiqatlar İnstitutuna yerləşdirilmiş xəstənin fevralın 1-də "Lassa qızdırması"ndan vəfat etdiyini təsdiqləyib.

Diaqnoz laboratoriyada təsdiqini tapıb. Noquçi Tibbi Tədqiqatlar İnstitutunun xəstə ilə ünsiyyətdə olmuş bütün əməkdaşları müşahidə altındadır. Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti Qanaya səfər planlaşdıran bütün rusiyalıları bu informasiyanı nəzərə almağa çağırıb.

Qeyd edək ki, "Lassa qızdırması" Lassa virusu tərəfindən törədilir, əsasən simptomsuz və ya mülayim qızdırmalı simptomlarla keçən hemorragik qızdırmadır. Siçanlardan insana keçən "Lassa qızdırması" insanlar arasında təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur. "Lassa qızdırması" əsasən Qərbi Afrika ölkələrində (Liberiya, Mali, Nigeriya, Benin) yayılıb. Bu xəstəlikdən ümumilikdə ölüm göstəricisi səviyyəsi 1%-dir.

Milli.Az