Ona məsləhət görərdim ki... - Maksim Medvedev

10 Mart 2018 21:42

Ölkə çempionatının XIX turunda "Zirə"yə qalib gələn (2:0) "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, brifinqdə təcrübəli futbolçu maraqlı fikirlər səsləndirib.

- Əvvəlcə matç haqda fikirlərinizi bilmək istərdik...

- Bu gün elə oyunlardan biri oldu ki, istəyimizi həyata keçirə bilirdik. Məşqdə etdiklərimiz matçda da yaxşı alınırdı. Topa nəzarət etməyə çalışırdıq. Rəqibin necə oynayacağını bilirdik. Görüş tam ürəyimizcə keçdi. Qol vurmaq üçün başqa imkanlarımız da oldu, amma hamısından istifadə edə bilmədik. Əsas odu ki, 3 xal qazandıq.

- "Qarabağ"ın qış fasiləsindən sonra qol vurmaqda çətinlik çəkdiyi hiss olunurdu. Oyundan-oyuna "artırdığınızı" demək olarmı?

- Desək ki, "Qarabağ" pis oynayır, qol epizodu yarada bilmir, bu, başqa məsələ. Bizim hər oyun qol şanslarımız olur. Qış fasiləsindən sonrakı ilk matçda, yəni "Qəbələ" ilə görüşdə çoxlu qol epizodları yaratdıq. Heç vaxt belə olmamışdı. Bu gün az imkan əldə etsək də, ikisini qolla tamamladıq. Bu, sevindirici haldı. Qarşıdakı matçlarda bir-birimizi daha yaxşı başa düşəcəyik.

- Ramil Şeydayevin az oynaması əsas müzakirə mövzularından biridi. Bu gün meydanda idi. Necə düşünürsüz, Ramil ondan gözlənilən oyunu göstərə bildimi?

- Ramil gənc futbolçudu. Adı böyük olsa da, özü cavandı. Onun oyun praktikası olmalıdı. Yalnız bundan sonra futbolçu "açılır", digərləri onu daha yaxşı başa düşür. Bizimlə birgə məşq edir. Amma oyunun ritmi tam başqa cürdü. Öz üzərində işləsə, daha yaxşı olacaq. Çünki potensialı var. İnanıram ki, öz üzərində çalışacağı halda, "11-lik"də də yer ala biləcək.

- Belə bir fikir yaranıb ki, Ramil milliyə düşmək üçün başqa kluba getməlidi. Bununla razısızmı?

- Ramil özü də uşaq deyil. Düşünür, nə etməli olduğunu bilir. Məsləhət almaq istəsə, çox təcrübəli futbolçu var. Mən ona məsləhət görərdim ki, daha çox işləsin, hamı ilə münasibətdə olsun. Bəzi epizodlarda utanır. "Qarabağ" elə komandadı ki, nəsə istəsə, hamı ona yardım əlini uzadacaq. İstərdim ki, bizim aramızda qalsın. Çünki oyunu mənim xoşuma gəlir. Amma yenə də üzərində işləməlidi.

- "Qarabağ" turdan-tura çempionluğa yaxınlaşır...

- Bu gün rahat oynadıq. Amma ümumi bizdə arxayınlaşma yoxdu. Çox adam 10 xallıq fərqin böyük olduğunu desə də, hələ heç nə həll olunmayıb. Bu cür davam etsək, birinci yeri tutacağıq.

- Millinin qarşıdakı oyunu haqda düşünməyə başlamısız?

- Xeyr. Hələ "Qarabağ"ın "Neftçi" ilə matçı var.

- Yeri gəlmişkən, "Neftçi" də son turlarda yaxşı formadadı. Rəqib sizə problem yarada bilərmi?

- "Neftçi" açıq futbol oynayır, qapanmır. Bizi maraqlı görüş gözləyir. Rəqibi yaxşı analiz edəcəyik. Baş məşqçi hansı tapşırığı verəcəksə, onu da yerinə yetirəcəyik. "Neftçi" temp yığmağa başlayıb. Bu, bizi də sevindirir. Çünki "Neftçi"də də millinin futbolçuları çıxış edir. Biz də istərdik ki, "Neftçi" ən pik formasında olsun və bizimlə oynasın.

Milli.Az