"Debütant olsaq da, hər bir klub bizimlə hesablaşır" - Samir Əliyev

10 Mart 2018 21:06

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XIX turunda "Sumqayıt"a evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, gənc mütəxəssis öncə matçı dəyərləndirib.

- "Sumqayıt"ı təbrik edirəm. Bu komandanın hədəfi var - avrokuboklara çıxmaq. Bu yolda uğurlar arzulayıram. Futbolçulardan narazı qala bilmərəm. Pis oynamadılar. Rəqibin iki qol imkanı oldu, birindən istifadə etdi. İstədiyimiz oyunu tuta bilmirik.

- Aqşin Qurbanlını meydana buraxan vaxt başqa əvəzetmə planlaşdırmışdınız...

- Bəli. Elton Yaqublunu dəyişmək fikrimiz yox idi. Sadəcə, ayağında zədə oldu. Buna görə məcburi əvəzləmə etməli olduq.

- Məlumdur ki, "Səbail" 3 ildir peşəkar klub olmadığından qaydalara görə avrokuboklarda çıxış edə bilməz. Bu, futbolçuların motivasiyasına təsir göstərə bilərmi?

- Xeyir. Əvvəl belə bir məqsəd qoyulmamışdı. Məqsədimiz təcrübə yığmaq, komandanı qurmaq, təkmilləşdirmək, formalaşdırmaqdır. Oyundan-oyuna təcrübə yığmaq, daha da yaxşı oyun oynamaq istəyirik. Nəticə vacibdir, ancaq böyük hədəflərimiz yoxdur. Hər bir rəqibə qarşı layiqli mübarizə aparacağıq. Debütant olsaq da, hər bir klub bizimlə hesablaşır. Bu gün də "Sumqayıt" belə idi. Bu, bir tərəfdən məni sevindirir ki, hər bir klub bizdən çəkinir.

Milli.Az