Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı

10 Mart 2018 17:27

Martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Milli.Az