Şəbnəmə 5 minlik "sosiska", Tünzalənin villası, Anarın başıpapaqlı söhbəti, Səmədin oğlanla qaçan arvadı - HƏFTƏBECƏR

12 Mart 2018 09:15

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (162-ci say) təqdim edir.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım oxucularımı, həmçinin kişi oxucularımın ailəsindəki xanımları təbrik edirəm. Ümid edirəm ki, görüşmək imkanımızın həftədə bir dəfə olduğunu nəzərə alıb, gecikmiş də olsa, təbrikimi qəbul edəcəksiz.

Bayramdan söz düşmüşkən, Şəbnəm Tovuzluya həyat yoldaşı (bəzi saytların yazdığına görə sevgilisi) təxminən beş min manat dəyəri olan üzük bağışlayıb. Şəbnəm də deyib ki, əsas diqqətdir, hədiyyənin ucuzu, bahası olmaz. Adətən bu sözü ucuz hədiyyə alınanda deyirlər. Yəni, söhbət "sosiska"da deyil, əsas "vnimatelni" olmaqdı. Şəbnəm də deyir ki, "sosiska" istər beş minlik olsun, istər beş manatlıq, əsas həcinin diqqətidir. Qulpqoyan dayı da deyir ki, varlığa nə darlıq. Bu da sənə beş minlik "sosiska", yəni üzük.

Bu arada keçmiş bayram münasibətilə sponsor daydaylara da təskinlik vermək istəyirəm. Eybi yox, bir il onlar sizin üçün, bir gün də siz onlar üçün. Yəni müğənniləri nəzərdə tuturam. Təki belələrinə xərcləyəsiniz. Onsuz da, kasıb-kusuba əl tutmaq sizin üçün deyil.

Tünzalə Ağayeva Bodrumda özünə villa alıb. Bakıda, yaxud hansısa bölgəmizdə villanın milyon civarında olduğunu nəzərə alsaq, Bodrumdakı malikanənin dəyərini hesablamaq çətin deyil. Qırx ilin müğənnisidir də, deyirsiniz onun da villası olmasın. Villa bol olarsa, basılmaz vətən.

Bu arada Nisə Qasımova deyib ki. 24 ildir ev tikir, amma tikib bitirə bilmir:

"1994-cü ildən Altıağacda ev tikirəm, indiyə kimi. Müğənni istəyirəm ki, desin ki, toylardan qazanıb, 6 ilə ev tikdim, 16 ilə ev tikdim. Mən 24 ildi ki, ev tikirəm. Hər yay yığdığım pulu aparıb ustanın pulunu verirəm, tikinti malları alıram".

Bu məsələdə Nisə xanımın Tünzalədən master klass alması çox vacibdir.

Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelikanın çəkişməsi davam edir. Anar deyib ki, Anjelikanın başıpapaqlılarından heç kim qarşıma çıxa bilmir. Vallah, bu məsələdə nə papaqlıq, nə də başlıq iş yoxdur. Hər halda məsələnin dərinliyini azdan çoxdan bildiyimə görə bu qənaətdəyəm. Hövsanda baş verənlər isə üzə çıxsa, yəqin ki, məsələ bir az da uzanacaq.

Pərvin Abıyevayla Tunay Əliyevanın bir-birinə dediyi təhqirlərdən xəbərdarsız. Hakim deyib ki, bu söhbəti bağlayıb, barışın, məsələ həll olunsun. Amma, hələ ki, tərəflər qəti qərar verməyiblər. İnanın bu sözü deməkdə tam səmimiyəm. Əgər bu kimi təhqirlər sənət adamları üçün təhqirdirsə, onda gərək məhkəmələr başqa işlə məşğul olmasınlar. Bütün hakimlər işlərini atıb kimin kim olduğunu araşdırsınlar.

Səməd Səmədov da yaşlandıqca olan-qalan hörmətini də itirməsə, yaxşıdır. Keçmiş həyat yoldaşının ittihamlarına belə cavab verib: "Arvadım uşağı və məni atıb cavan oğlanla qaçmışdı".

72 yaşlı kişinin verdiyi açıqlamaya baxın. Şükür sənə Telli Borçalı, şükür sənə Vasif Məhərrəmli, canım sizə desin Mətanət İsgəndərli...

Milli.Az