AFFA yeni sponsorlar cəlb etməyə çalışacaq

10 Mart 2018 17:45

AFFA UEFA Millətlər Liqasının startınadək yeni sponsorlar cəlb etməyə çalışacaq.

Milli.Az xəbər verir ki, bu barədə report-a AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev məlumat verib. Onun sözlərinə görə, hazırda yerli və xarici şirkətlərlə danışıqlar son mərhələdədir.

T.Piriyev bildirib ki, potensial sponsorlar arasında bank sektorundan, gündəlik istehlak məhsulları sektorundan və Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlərdən olanlar var: "UEFA Mİllətlər Liqası azarkeşlər və kütləvi informasiya vasitələri üçün o qədər də maraqlı olmayan yoldaşlıq oyunlarını əvəz etdiyi üçün marketinq baxımından maraqlı məhsuldur. Daha rəqabətli oyunlara marağın çox olmasını nəzərə alaraq Millətlər Liqasının hesabına sponsorların cəlb olunmasına çalışırıq".

T.Piriyev 2017-ci ildə AFFA-nın gəlirlərinin artmasını xarici mənbələrdən daxil olan vəsaitlərin çoxalması ilə əlaqələndirib: "AVRO-2016 və 2018-ci ild dünya çempionatının seçmə mərhələləri üçün media və kommersiya hüquqları UEFA tərəfindən yerli milli assosiasiyalarla razılaşma əsasında mərkəzləşdirilmiş qaydada satılırdı. AFFA-nın bu hüquqları 100 % həcmində UEFA-ya təqdim etməsi yayım və marketinq hüquqlarından daxil olan gəlirləri artırıb. Bununla yanaşı, FİFA və UEFA-nın müxtəlif proqramları çərçivəsində əldə etdiyimiz vəsaitlərin həcmini artıra bilmişik. Ümumilikdə xaricdən daxil olan vəsait büdcəmizin 54.1 %-ni təşkil edib. Əvvəlki illərlə müqayisədə, maliyyə vəsaitinin bir deyil, müxtəlif mənbələrdən daxil olması təmin olunur".

Şöbə müdiri AFFA prezidenti Rövnəq Abdullayevin "Sponsorlarımızın sayı artır" açıqlamasına da aydınlıq gətirib: "2017-ci ilin hesabatından da gördüyünüz kimi, xarici ödənişlərimizin sayı artıb. FİFA, UEFA və digər mənbələrdən büdcəmizə ötən illərlə müqayisədə daha çox vəsait daxil olub. Bununla yanaşı, obyektiv və subyektiv səbəblərə görə sponsorluğa olan marağın müəyyən qədər azalmasına baxmayaraq, "PAŞA Sığorta", "Coca-Cola" və "Hyundai"ın ölkəmizdə rəsmi təmsilçisi "Auto Azərbaycan" şirkəti ilə sponsorluq müqavilələrimizi uzatmışıq".

Qeyd edək ki, 2017-ci ildə 27 milyon 608 min 305 manat təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 5 milyon 482 min 061 manat çoxdur.

Milli.Az