"Sovetski"də genişmiqyaslı söküntüyə başlanılır

7 Mart 2018 10:57

Yaxın günlərdə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski" adlanan ərazidə) yaşayış evləri və obyektlərin genişmiqyaslı söküntüsünün ikinci mərhələsinə başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a Yasamal RİH-dəki mənbə bildirib.

Xatırladaq ki, əvvəllər bildirilirdi ki, "Sovetski" ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018-ci ildə "Təzə Pir" məscidindən yuxarı - Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçəsi arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra isə ərazi təmizlənəcək.

Dövlət başçısının göstərişinin icrası məqsədilə Yasamal RİH müəyyən edib ki, Nabatxanım Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Şingiz Mustafayev və Mirzağa Əliyev küçələri arasında isə 880, yəni ümumilikdə 2010 ev və qeyri-yaşayış obyekti var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərinin Baş Planına uyğun olaraq, 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb.

Yusif Nəsirli
Milli.Az