Azərbaycanı virtual aləmdə necə tanıtmalı? - Gənclər üçün xüsusi təlimlər keçirilir - FOTO

1 Mart 2018 18:01

Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan" layihəsinin növbəti təlimi keçirilib.

"İrəli" İB-dən Milli.Az-a verilən məlumata görə, "QHT Xəbər" saytının baş redaktoru Sənan Nəcəfov gənclərə sosial şəbəkələrdən səmərəli istifadə, sosial şəbəkələrin (facebook, twitter, Wikipedia) bütün parametrlərini gənclərə aşılamaq mövzusunda təlim keçib. O, qeyd edib ki, informasiya savaşında atəşkəs olmur.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə sosial şəbəkənin parametrlərini bilmək Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmağın təməl prinsiplərindən biridir.

Layihənin məqsədi Azərbaycan həqiqətləri, onun mədəniyyəti, tarixi, incəsənəti barədə məlumatların virtual məkan vasitəsi ilə istər ölkə daxilində, istərsə də dünyada daha geniş oxucu kütləsinə çatdırmaqdır. Gənclər layihə çərçivəsində "Araşdırma texnologiyası", "Vikipediya təlimləri", "Sosial şəbəkələrdən səmərəli istifadə", "Məqalənin düzgün yazılma qaydaları", "Təlimçilər üçün təlim" kimi maraqlı mövzular üzrə peşəkarların təcrübəsindən yararlanacaqlar. Bu məqsədlə ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil ediləcək.

Daha sonra layihə komandası və "multiplayer" komandalarının qarşılıqlı fəaliyyəti nəticəsində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir. Bundan əlavə, İrəli Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar.

Zərif Nisə

Milli.Az