SalamNews İnformasiya Agentliyinin 8 yaşı tamam oldu

1 Mart 2018 12:04

Milli.Az xəbər verir ki, bu gün Azərbaycanın media məkanında öz yeri və auditoriyası olan SalamNews İnformasiya Agentliyinin (www.salamnews.org) fəaliyyətə başlamasının 8-ci ili tamam olur.

Qeyd edək ki, Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən isə fəaliyyətə başlayıb. 2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

İnternetdə Azərbaycan və rus dillərində xəbərlər yayan SalamNews obyektivliyi və hadisələrə bitərəfli münasibəti ilə seçilir. Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentliyin xəbərlərində hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafika, video və foto materiallara geniş yer verilir.

SalamNews bu illər ərzində bir sıra respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, "İlin brendi" adını qazanıb.

Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.

Biz də Milli.Az olaraq həmkarlarımızı təbrik edir, onlara fəaliyytində uğurlar diləyirik!

Yusif Nəsirli

Milli.Az