Azərbaycanda yenot tutuldu - VİDEO - FOTO

20 Fevral 2018 17:25

Lənkəran sakini həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan sakinlərin marağına səbəb olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında yenot tutub.

O, itlərin hürüşməsinə həyətə düşdükdə bu canlını görüb. İtlər heyvana zərər verməsin deyə onu götürərək saxlayıb:

"Axşam saat 2-3 radələrində düşdüm həyətə. İtlər hürürdü, gördüm qeyri-adi bir heyvan var. İt bunu sıxışdırdı bir yerə, mən də tutdum quyruğundan, birtəhər atdım çəlləyə. Səhər gördüm belə bir heyvandır".

Vətəni Amerika sayılan yenot barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilib. 

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayır, su içməyə gələn heyvanları ovlayırlar. Eyni zamanda quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

Videonu izləmək üçün şəklə klikləyin: