Dağda ən əyləncəli yarış - Xalça üzərində sürüşüb buzlu suya tullandılar - FOTO-VİDEO

19 Fevral 2018 19:40

Bazar günü, fevralın 18-də Qusarda, "Şahdağ" Turizm Mərkəzində növbəti "Red Bull Shakh Carpet" əyləncəli idman yarışı keçirilib.

Milli.Az xəbər verir ki, artıq üçüncü dəfə keçirilən bu yarışın adının hərfi mənası "Xalçaların Şahı" deməkdir. Bu yarış özündə həm əyləncə, həm şənlik, həm də ekstremallığı birləşdirir.

Yarışın qaydalarına görə, müxtəlif personajları ifadə edən maskarad geyimli komanda üzvləri müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrinin üzərində dağdan 80 m məsafəni sürətlə enərək 80 sm hündürlüyündə kiçik tramplindən soyuq, buzlu su ilə dolu hovuza tullanmalıdırlar.

Lakin ən əsası, həmin vasitələrin üzərində mütləq xalça elementi olmalıdır.

   Bu dəfə yarışa hər biri maksimum 5 nəfərdən ibarət 18 komanda qatlılıb. Komandaların çıxışlarını üç təkanla tullanma ilə məşğul olmuş "Red Bull" idmançısı Nazim Babayev, Formula 1 üzrə Azərbaycan Qran Prisinin ulduz səfiri, respublikanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva, rejissor Cəfər Axundzadə və gənc müğənni-aktrisa Dilarə Kazımova qiymətləndirib. Əvvəlcədən münsiflər heyətinin tərkibində tanınmış şoumen və teleprodüsser Murad Dadaşovun olacağı deyilsə də, o, bu yarışa qatılmayıb.

Nəhayət, təxminən 2 saat yarım davam edən maraqlı və əyləncəli yarışın sonunda qaliblər müəyyənləşib. Qeyd edək ki, bu yarışda qaliblər 3 meyar üzrə seçilir. Birincisi, ən yaxşı sürüşmə və suya tullanmaya görə; ikincisi, qeyri-adi maskarad geyimləri və kreativ səhnəciklərə görə; üçüncüsü, tamaşaçı rəşbətinə görə.
 
   Beləliklə, münsiflərin rəyi əsasında "Super liqa" "Ən yaxşı tullanma" nominasiyasında, "Kalambur" qeyri-adi geyimlərə və şouya görə "Ən kreativ komanda" olaraq qalib elan ediliblər. "Hit-parad" komandası isə tamaşaçılardan intenetdə ən çox səs toplayaraq "Tamaşaçı simpatiyası" nominasiyasının qalibi adını qazanıb.

Qaliblər həftəsonu həmin turizm mərkəzinin otelində geceləmə, xizək, snoubord sürmək və ya öyrənmək imkanını, idman mağazalarından birində növbəti qış sezonu ərzində avadanlığın pulsuz icarə, Formula 1 Azərbaycan Qran Prisinin pərdəarxasına eksklüziv bilet almaq və "Aston Martin Red Bull Racing" F1 komandasının pilotları ilə görüşmək imkanı qazanıblar.

"Super Liqa" komandasının kapitanı Aqşin Bağırlı təəssüratlarını belə ifadə edib: 

"Bu, çox gözəl gün idi və biz şadıq ki, "Red Bull Shakh Carpet" yarışında qalib gələ bildik. İştirak edən bütün komandalara və bu soyuq, qarlı gündə bizə dəstək olanlara təşəkkür edirik! Hovuz bir az soyuq idi, amma bu, inanılmaz hisslərdir!"


​Qeyd edək ki, əyləncəli yarış turizm mərkəzində dincələn yerli və əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Xalça üzərində dağdan sürüşüb buzlu suya tullandılar - Red Bull-dan ekstrim və əyləncə

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində