ABŞ Afrikada aclıq çəkən ölkələr üçün daha 17 milyon dollar ayıracaq
12 Avqust 2011 09:54
Birləşmiş Ştatlar Afrikada aclıqdan əziyyət çəkən ölkələrə humanitar yardım məqsədilə əlavə olaraq 17 milyon dollar vəsait ayıracaq. Anspress-in məlumatına görə, bunlardan 12 milyonu 3.6 milyon insanın aclıqdan tələf olma təhlükəsi ilə üzləşdiyi Somaliyə yönələcək. Bu barədə Ərzaq siyasətinin araşdırılması üzrə Beynəlxalq İnstitutda çıxışı zamanı ABŞ dövlət katibi Hillari Klinton danışıb. ABŞ dövlət katibinin sözlərinə görə, yuxarıda qeyd edilmiş məbləği də nəzərə almaqla ABŞ-ın region üçün ayırmış olduğu yardımın ümumi həcmi 580 milyon dollaır keçib.
Qeyd edək ki, son yarım əsrin ən güclü quraqlığı regionda humanitar katastrofa gətirib çıxarıb. Mütəxəsislərin qiymətləndirmələrinə görə, Somali, Keniya, Efiopiya və Cibutida son 50 ilin ən ağır qida böhranı yaşanır. Aclıq artıq Somalinin 5 regionuna təsir edib və tezliklə ölkənin bütün cənub əyalətlərinə yayıla bilər. Minlərlə Somali vətəndaşı canını xilas etmək üçün Keniya və Efiopiyadakı çadır düşərgələrinə üz tutur. BMT-in məlumatına görə, təbii fəlakət nəticəsində ümumilikdə 12.4 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir.