"Ərim Qarabağda kimin üçün öldü?!"
1 Aprel 2010 10:06
Ermənilər tarixlərinə və ağıllı adamlarına sayğı ilə yanaşdıqlarını deyirlər. Bunu usanmadan təkrarlayırlar. Fəqət, haylar sevimli və məşhur şairləri Yegişe Çarensin yazdıqları arasında "Tənha qalan ana" şeirini, deyəsən, bilmərrə unudublar.
O əsərində isə Çarens yazmışdı: "Ananın tənha qaldığı bir diyarda gələcəyi insanlar özləri məhv edir".
İndi gələcəyini məhv edən Ermənistanda tənha anaların yaşamları o qədər çətinləşib ki, dərd yüklərini artıq çəkə bilmirlər.
Aprelin ortalarında İrəvanda "Tənha Analar Hərəkatı"nın ilk təsis yığıncağının keçirilməsi nəzərdə tutulub. Ermənistanla yanaşı, Cənubi Qafyqazda ilk belə təşkilat olacaq qurum ölkədəki tənha anaların problemlərini həll etmək üçün çalışacağını bəyan edəcək.
Hər halda qurumun təşəbbüs qrupunun rəhbərlərindən biri Anelya Suikasyan belə söyləyir.
"Başqa yolumuz yoxdu. Üsyan həddinə çatmışıq: ya küçələrə çıxıb nümayişlər keçirməli, ya da haqqımızı tələb etmək üçün təşkilatlanmalıyıq", - Suikasyan söyləyir.
Erməni gənclərinin noxud vətənpərvərliyi
... Gənc ermənilərdə vətənpərvərlik qayət qəribə formalar almağa başlayıb. 38 yaşlı Qayane Varjapetyan oğlundan şikayətçidir. Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun üzvü olan Qayane əsl daşnak olduğunu desə də, oğlunun onu biabır etdiyini düşünür. Dağlıq Qarabağın Hadrut rayonunda yaşayan bu qadın oğlunun hərbi xidmətdən hər vəchlə yayınmağa çalışmasını pis iş sayır:
- Onu heç cür Ermənistana pasport almağa getməyə razı sala bilmirəm. Deyir orduda xidmət etmək istəmir. Yalvarıram, vətənpərvəlikdən danışıram, hər erməni gəncinin orduda xidmət etməsinin gərəkdiyini söyləyirəm - amma alınmır. Elə bil divara noxud atırsan. Oğlum deyir ki, Ermənistan və Dağlıq Qarabağ uğrunda internetdə vuruşur. Bilirəm onun "vuruşmağını": saatlarla forumlarda oturur. Hələ utanmadan da söyləyir ki, ermənilər barədə pis danışanın cəhəngini cırar, lakin orduya getmək fikri yoxdu. Tutub fərari kimi basacaqlar həbsxanaya, ağlı gələcək başına. Onda gec olacaq.
... Qayane Varjapetyan tənha anadır və özü demişkən, "olan-qalanı" yeganə oğludur.
Əri Muşeq 16 il əvvəl azərbaycanlı snayperin gülləsini alnında hiss edib. O toxunuş da Ağdam səmtindəki səngərlərdən birində olan Muşeqin erməni yaşamındakı son hissi olub.
Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində yaşayan erməni Maya Apanasyan isə özünü bəxtəvər sayır.
"Burada, Gürcüstanda oğlumu əsgər aparmayacaqlar. Çünki tənha anayam, Vazgen də yeganə oğlumdu. Ermənistanda isə belə şeylərə baxan kimdi?! Oğlum ümumiyyətlə, orduya getmək istəmir - prinsip məsələsidi. Onun Ermənistan ordusundakı "aper" söhbətlərindən, "dzev tapel" davranışından zəhləsi gedir. Deyir ki, iki dünya bir olsa da, gedib Dağlıq Qarabağda səngərlərdə çürümək axmaqlıqdı. Nə yaxşı ki, Ermənistan vətəndaşı deyilik", - Apanasyan söyləyir.
Onun sözlərinə görə, Ermənistanın Armavir vilayətindəki xalasıqızının oğlunu Ağdərədə öldürüblər. Ermənilərin özləri. Hərbi hissədə baş vermiş bu hadisəni komandirlər nə qədər gizlətməyə çalışsalar da, alınmayıb.
Həmin gənc ermənini iki serjant tutub, biri də güllələyib.
Məzkur qətl Ermənistanın silahlı qüvvələrində artıq az qala adiləşən hadisələr arasında yer almağa başladığından ordu indi əsasən "yoxsul erməni gənclər"in çağırıldığı məkan sayılır.
Tək oğlu olan tənha analar isə bütün vasitələrə əl ataraq övladlarını hərbi xidmətdən yayındırmağa çalışırlar.
Yoxsulların yoxsulu
İrəvan Dövlət Tibb Universitetinin əməkdaşı Armine Mxitaryan ilə İrəvan Dövlət İqtisadiyyat Universitetinin dosenti Gülnara Ohanesyanın hazırladıqları "Ermənistanın əmək bazarının gender problemləri" adlı hesabat ölkədəki tənha anaların durumunu aşkarlayır.
Onların fikrincə, hazırda 70%-i "bölgə iqtisadiyyatı"nın payına düşən ümumdaxili məhsulun (ÜDM) istehsalında qadınların və o cümlədən tənha anaların payı syrətlə azalmaqdadır.
"Ölkədə əmək qabiliyyətinə malik və işləyən qadınlar arasında işsizlik böyük templərlə artır. Tənha anaların vəziyyəti isə daha acınacaqlıdır. Onların qarşılaşdıqları çətinliklər arasında cəmiyyətdəki trivial çətinliklərlə yanaşı, gender stereotipləri var. İş o yerə çatıb ki, tənha anaların iş tapmaları müşkül prosesə çevrilib", - hesabatda deyilir.
Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumatlara görə, hazırda tənha analar maaşların və gəlirlərin yüksək olduğu sahələrdən "silinir".
Ölkədəki işsizlik "qadın simalı" olduğundan, tənha analar o simanın kəskinləşən qırışları sayıla bilər.
Rəsmi statistikaya görə, tənha anaların 65,3%-i işsizdir. Daha doğrusu, onların daimi iş yeri və stabil gəlirləri yoxdur.
"Əmək bazarında gender ayrı-seçkiliyi artıq hər yerdə müşahidə olunur. Qadınlar, xüsusilə də tənha analar çox uğursuz vəziyyətə düşüblər ki, bunun səbəbi də onların yetərincə peşəkar və bacarıqlı olmamaları, ya da təhsil səviyyələrinin lazımi səviyyədə sayılmaması yox, reproduktiv funksiyalı olmalarıdır. Ölkədəki iş yerlərinin sahibləri "yalnız kişilər" prinsipi ilə seçim edirlər. Son hesablamalar və aparılan monitorinqlərin nəticələri göstərir ki, 2008-2009-cu illərdə işdən çıxarılanların 62%-i qadınlar olub. Həmin qadınlar arasında isə iş yerlərini itirmək "şansı" baxımından ön yerləri tənha analar tuturlar. Tənha analar Ermənistanda əsasən çox aşağı maaşlı və ağır işlərdə çalışırlar", - Armine Mxitaryan deyir.
Bu vəziyyət Ermənistanda bütünlüklə əcnəbilərin nəzarətində olan xalçaçılıq müəssisələrində daha qabarıq müşahidə olunur. Həmin sexlərdə iş günü normalaşdırılmayıb, istirahət günləri praktiki olaraq yoxdur və aylıq əməkhaqqı da orta hesabla $80 səviyyəsindədir.
Ermənistanda ərlə arvadın işlədiyi, iki uşağın böyüdüyü ailələrin tam əksəriyyəti yoxsulluq səviyyəsindədirsə, tənşa anaların durumlarını təsəvvür etmək çətin deyil.
Fahişələşən erməni qadınları
"Bu qadınların taleyinin acınacaqlı olduğu məlumdur. Amma nə edəsən ki, nə ictimaiyyət, nə də dövlət strukturları onların üzləşdikləri çətinliklərin həllində həmin şəxslərə yardım etmək istəmir. Görülən işlər isə yalnız quru rəsmiyyət xatirinə, bir də telekanallar və qəzetlərdə reklam olunmaq üçün edilir".
"Ermənistan Analıq Fondu" xeyriyyə təşkilatının prezidenti Susana Aslanyanın dediyinə görə, hazırda ölkədə 17 min tənha ana var.
"Problem əvvəlki illərdən fərqli olaraq, indi həddən ziyadə ciddidir. Tənha anaların sayının artması cəmiyyətin sağlam olmadığını göstərir. Bununla bağlı olaraq dövlət qurumlarına, parlamentə müraciət etmişik. Prezident Serj Sarkisyana iki dəfə məktub yazmışıq. Amma hələ də heç bir cavab gəlməyib. Sanki dövlət qurumları tənha anaları görmək, onların şikayət söyləyən səslərini eşitmək istəmirlər", - S.Aslanyan söylədi.
Rəsmi statistikadakı rəqəmlərin yanlış olduğu müstəqil ekspertlərdə dərin şübhələr yaradır. Çünki Ermənistanda boşanmış və ya dul anaların sayı həmin rəqəmdən dəfələrlə çoxdur.
İnsan Haqları Mərkəzinin fevralda keçirdiyi monitorinq nəticəsində bəlli olub ki, İrəvanın təkcə dörd rayonunda 5 mindən artıq tənha ana var.
"Həmin rəqəmləri Ermənistan miqyasına inikas etdirsək, daha ciddi statistika ortaya çıxar. Ölkədəki ağır iqtisadi vəziyyətlə yanaşı, mənəvi dəyərlərin aşılanmaya uğraması, Dağlıq Qarabağ münaqişəsi, arasıkəsilməyən əmək miqrasiyası, mühacirət və bu kimi problemlər tənha anaların sayını artırır", - mərkəzin proqram koordinatoru Yegişe Melkumyan bildirib.
Bununla belə, tənha ana olduqlarını deyən və dövlətdən müavinət almağa çalışan erməni qadınlar da az deyil.
İrəvanda yaşayan və "Ermənistan Analıq Fondu"nun həyata keçirdiyi "Paros" proqramına qatılmaq üçün özlərini tənha ana kimi təqdim edən 3.500 qadının əslində ərdə olan qadınlar olduğu bəlli olub. Belə erməni qadınlar pul almaq üçün ərlərindən saxta yolla boşanır və avtomatik olaraq "tənha ana" statusu almalarına rəğmən "sabiq" ərləriylə bir yerdə yaşayırlar. Bundan başqa, "ərli tənha"lar hər ay $30 məbləğində yardım almağı da unutmurlar.
Dağlıq Qarabağ münaqişəsi nətiəsində həlak olmuş ermənilərin dul qalan arvadlarının durumu isə xüsusilə ağırdır. Onlar yardım üçün dövlət strukturlarına müraciət edəndə aldıqları cavab "ərinizi müharibəyə biz göndərməmişik ki?!" olur.
Eyni zamanda ərləri Qarabağda həlak olmuş erməni qadınlar arasında fahişəlik halları da sürətlə artır. Məsələn, 2008-ci ildə cəmi 134 belə fakt qeydə alınmışdısa, ötən il sözügedən göstərici təxminən 4 dəfə artaraq 590-a çatıb.
Erməni anaların Qarabağ bəlası
Dağlıq Qarabağ münaqişəsi Ermənistandakı həyatın və cəmiyyətin istisnasız olaraq bütün sahələrinə təsir etdiyi kimi, tənha anaların da sayını artırıb.
Masis rayonunda yaşayan Svetlana Varjapetyan da belə qadınlardandır.
Əri Dağlıq Qarabağda həlak olan və üç uşaqla qalan Svetlanın sözlərinə görə, ailə başçısını itirəndən bəri onun qapısını dövlət yetkililərindən kimsə açmayıb.
"Yalnız hərbi komissarlıqdan bir dəfə gəlib ailəyə yardım ediləcəyini dedilər və bizi uçota aldılar. Sonra maraqlandım ki, bu uçot nədir, axırı nə olacaq. Dediklərinə görə, ərimin Dağlıq Qarabağa getməsindən əvvəl aldığı maaşın 70%-ni uşaqlarım həddi-buluğa çatana qədər almalıyam. Amma ərim həlak olandan bəri pul görəmişəm", - Svetlana Varjapetyan söyləyir.
Onun əri Manuçar Varjapetyan ötən ilin noyabr ayında Dağlıq Qarabağda, Ağdam rayonunda həlak olub. 32 yaşlı Varjapetyanın meyidi Ermənistana aparılıb ailəsinə təhvil veriləndən sonra Svetlanın qara günləri başlayıb.
O, qaynanasının üz çevirdiyini, yalnız uşaq baxçasında xadiməlik edərək aldığı maaşla övladlarını böyütdüyünü deyir.
Masis rayonunda ərləri Dağlıq Qarabağda həlak olmuş 465 qadın var ki, onların tam əksəriyyəti indi tənha ana statusu alıblar.
Çox az qisim isə yenidən ərə gedərək ailə qurub.
"Ərim kimin üçün öldü?!"
Dağlıq Qarabağın özündə də tənha anaların problemlərinin həlli və sosial təminatı acınacaqlı vəziyyətdədir.
Xankəndidə yaşayan, 4 uşaq anası olan Anahit Qurgenyan ərini 8 il əvvəl itirib.
O vaxtdan bəri də ailənin başçısıdı.
"Çox çətindi. Hətta deyərdim ki, elə günlər olub nə edəcəyimi, balalarıma çörəyi necə tapacağımı belə, bilməmişəm. İndi də çətindi. Dövlət təşkilatlarına heç bir ümidim yoxdu. Ərim həlak olandan sonrakı iki ildə bir az kömək etdilər. Amma indi unudulmuşuq və sanki, ərim bunlar üçün ölməyib. Yenə müharibə olarsa, uşaqlarımın heç birini döyüşə yollamayacağam. Qoy gedib başqa yerdə qalsınlar, amma insanı insan saymayan məmurlar üçün ölməsinlər", - A.Qurqenyan söyləyib.
Dağlıq Qarabağdakı tənha erməni analarının sayı dəqiq bilinmir, çünki onların bir qismi - təqribi hesablamalar görə, 24%-i - Ermənistana köçüb, yerdə qalanları arasında isə separatçı rejimin "rəsmi strukturları"nda qeydiyyata alınmayanlar da var.
... Hadrut rayonundakı 43 yaşlı Anuşe Beqlaryan tənha anadı və əri də Dağlıq Qarabağ münaqişəsində həlak olanlar arasındadı.
O, 20 yaşlı oğlunu heç bir vəchlə səngərlərə yollamayacağını deyir:
- Qoy məni həbs etsinlər, güllələsinlər. Amma ərimin taleyini oğlumun da yaşamasını istəmirəm. Ərim kimin üçün öldü? Bunlar üçünmü?! Oğlumu da qurban verən deyiləm!
Həsən Ağacan
Milli.Az