ABŞ Ermənistanı sanksiyalarla hədələdi - VİDEO

15 Fevral 2018 21:09

ABŞ hökuməti Ermənistanı sanksiyalarla hədələyib. Buna səbəb isə Ermənistanın Vaşinqtonun qara siyahısında olan Rusiya şirkətləri ilə əməkdaşlıq etməsidir. Lakin İrəvan rəsmiləri bu dəfə də xəbərdarlığa məhəl qoymur və dolayısıyla qərbin sözüylə Rusiyanın dəstəyindən imtina etməyəcəklərini bildirirlər.

ABŞ Ermənistanı "qara siyahı"ya salınmış Rusiya şirkətləri ilə sazişlər bağlayacağı təqdirdə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin bəyanatında bildirilib. "Digər ölkələrin Rusiyadan hərbi-kəşfiyyat vasitələri alışını məhdudlaşdıraraq Rusiyanı onların satışından əldə olunacaq gəlirlərdən məhrum edirik. Çünki bu gəlirlər beynəlxalq mənfi təsir və qeyri-sabitlik kampaniyasını davam etdirilməsi üçün istifadə edilə bilər", - deyə ABŞ-ın Ermənistandakı səfirliyindən vurğulanıb.

Ermənistan rəsmiləri isə hər zaman olduğu kimi bu dəfə də mövcud fakta özünəməxsus tərzdə münasibət sərgiləyiblər. Belə ki, Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiyanın riskli olduğunu təsdiqləyib. Lakin o bildirib ki, ancaq İrəvan üçün problemli vəziyyət yaranacağı halda onlar amerikalı tərəfdaşları ilə danışıqlara başlayacaqlar.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə məsələ ilə bağlı jurnalistlərin ona ünvanlanladığı suala etinasız şəkildə cavab verib.

Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarksyan daha əvvəl ölkə parlamentinin qəbul etdiyi Rusiyadan 100 milyon dollar məbləğində silah alınması üzrə kredit götürülməsi ilə baglı sazişi ratifikasiya edib. Bu isə o deməkdir ki, Ermənistan hər nə qədər qərbdə nüfuza sahib olmaq və ordakı havadarlarına yarınmaq istəsə də tarix boyu Rusiyanın for-postu və bu ölkənin dəstəyinə möhtac oldugunu sübuta yetirib.

Son hadisələr isə göstərir ki, Ermənistan hakimiyyəti bundan sonra sürüşkən siyasətində qəti seçim etməyə məcburdur. Riyakar siyasət yürüdən və bununla da dünyada ciddi və etibarlı tərəfdaş kimi qəbul olunmayan Ermənisatan rəhbərliyi ya qərbin maraqlarına xidmət etməli ya da ki, Rusiyanın boyunduruğu altında olmalıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
ABŞ Ermənistanı sanksiyalarla hədələdi