Azərbaycan Prezidenti: Bakı-Tbilisi-Qars yeni İpək Yolu layihəsinin çox mühüm elementi olacaq

15 Fevral 2018 20:54

Bakı-Tbilisi-Qars yeni İpək Yolu layihəsinin çox mühüm elementi olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib: "Ötən il oktyabrın sonunda Bakıda biz təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi olan yeni layihənin - Bakı-Tbilisi-Qarsın açılışını etdik. Bu, artıq Asiyadan Avropaya ən qısa yoldur, yüklərin daşınmasına sərf olunan zamanı iki dəfədən çox azaldır və artıq şirkətlərə xidmətlər göstərir. Əminəm ki, onlar bu layihəni ciddi şəkildə əsas prioritetlərindən biri hesab edəcəklər. Bu gün artıq yüklərin artması onu göstərir ki, Bakı-Tbilisi-Qars yeni İpək Yolu layihəsinin çox mühüm elementi olacaq. Sözsüz ki, burada, Qafqazda, Gürcüstan, Türkiyə və Azərbaycan arasında güclü regional əməkdaşlıq olmasaydı, neft-qaz layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Qars bəlkə də reallıq üçün deyil, sadəcə tarix üçün bir layihə olacaqdı. Bu, bizim əldə etdiyimiz real nəticədir".

Milli.Az