""Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında vacib qərarlar qəbul edilib"

15 Fevral 2018 18:10

""Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü nazirlər iclasında bir sıra vacib qərarlar qəbul edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, iclasda ötən il ərzində layihənin reallaşdırılması ilə bağlı məsələlər, bu il həyata keçirilməli olan işlər müzakirə olunub: ""Cənub Qaz Dəhlizi"nin bütün komponentlərinin reallaşdırılması qənaətbəxş səviyyədədir və qrafikə uyğun həyata keçirilir. Qrafikə əsasən Azərbaycan qazı 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ildə Avropaya çatacaq. Azərbaycan Prezidenti İlham Əliyev də iclasda iştirak edib və gələcək işlərlə bağlı tapşırıqlar verib".

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Milli.Az