Belarusun baş məşqçisi: "Bakıya ən güclü heyətlə gələcəyik"

15 Fevral 2018 20:55

"Hazırda Antalyadayam. Burada təlim-məşq toplanışında olan müxtəlif klubların heyətindəki yığmaya namizədləri izləyirəm. Ölkə çempionatında mübarizə aparan 16 komandadan 5-i buradadır".

Milli.Az xəbər verir ki, bunu report-a müsahibəsində futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko deyib. 54 yaşlı mütəxəssis martın 23-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində digər sualları da cavablandırıb...

- Milliniz daha çox hansı klubların futbolçularından formalaşıb?
- Belarusdan, əsasən, 4 klubdur - BATE, Minsk "Dinamo"su, Soliqorsk "Şaxtyor"u və "Dinamo-Brest". Bu kollektivlər hazırda ölkə çempionatında ilk "4-lük"də qərarlaşıblar. Yığmanın qalan üzvləri ölkə xaricində çıxış edən legionerlərdir. Onlar da müəyyən saydadır. 

- Azərbaycan millisi ilə oyuna hazırlıq planınız necədir?
- Martın 12-də Minskdə bir araya gələcəyik. Bir həftləlik hazırlıq prosesindən sonra ayın 20-də Bakıya uçacağıq. Paytaxtınızda iki gün məşq edib, oyuna çıxacağıq.

- Yığmanın heyətini nə vaxt açıqlayacaqsınız?
- Adətən toplanışa 10 gün qalmış açıqlayırıq. Zədə və ya hansısa xoşagəlməz hal baş verməsə, Bakıya ən güclü heyətlə gələcəyik. Çünki oyun FİFA-nın rəsmi pəncərəsinə təsadüf edir.  

- Azərbaycan millisi ilə oyun sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanla oyun Millətlər Liqasında hazırlıq mərhələsidir. Yığmanız səviyyə baxımından həm bizə, həm də qrupdakı rəqiblərimizə - Lüksemburq, Moldova və San Marinoya yaxındır.

- Bu matçın təşkili necə alındı?
- Bu, hər iki ölkənin milli assosiasiyaları səviyyəsində həll olunan məsələdir. Tərəflər üçün münasib olduğu üçün razılıq əldə ediblər.

- Azərbaycan millisinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki hələ yığmanızın oyunlarına baxmamışam. Antalyadan qayıdandan sonra birbaşa bu işlərlə məşğul olacaq və Azərbaycanın da görüşlərini izləyəcəyəm. Bundan sonra nə isə deyə bilərəm.

- Bəs Azərbaycan futbolu barədə məlumatlısınız?
- O qədər də çox bilgim yoxdur. Bilirəm ki, "Qarabağ" pis komanda deyil, avrokuboklarda yetərincə yaxşı, layiqli səviyyədə çıxış edib. Amma Azərbaycan çempionatı ilə yaxından tanış deyiləm.

- Futbolçu olduğunuz dönəmlərdə Azərbaycan komandalarına qarşı oynamısınız?
- Bəli, olub. Minsk "Dinamo"sunun əvəzedici heyətində "Neftçi"yə qarşı çıxış etmişəm. Yeniyetmə yaşlarımda Spartakiadalarda da bu cür matçlar olub. Tam olaraq xatırlamıram, xeyli vaxt keçib.

- Son illər Belarus futbolunda böhran müşahidə olunmaqdadır. Yığma və klublarınız əvvəlki səviyyədə çıxış etmirlər. Bu, nə ilə bağlıdır?
- Buna səbəb əvvəlki ilə müqayisədə istedadlı nəsilin hələ yetişməməsidir. Həmçinin, postsovet ölkələrində uşaq futbolundakı məşqçi böhranı da öz təsirini göstərib. İndi bunun əziyyətini çəkirik. Düşünürəm ki, ən çox bununla əlaqədardır.

- Belarus prezidenti Aleksandr Lukaşenko digər növlərlə müqayisədə futbol komandalarınızın çıxışının zəif olduğunu bildirib...
- Deyibsə, deməli elədir. Onun nəyisə mühakimə etmək, fikrini söyləmək hüququ var. Bunu müzakirə etmək, ümumiyyətlə, bu suala cavab vermək istəmirəm.

Milli.Az