"BakuBus" sərnişinləri "zərərvericilərə" qarşı mübarizəyə çağırdı - FOTO

15 Fevral 2018 10:57

Sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə təşkil olunmasını, inkişafını arzulayır və tələb edirik. Əlbəttə, bu, hər bir sərnişinin haqqı olmaqla yanaşı daşıyıcı şirkətin də qarşısında duran əsas vəzifədir. Ancaq təəssüf ki, bu xidmət sahəsinin yüksək səviyyədə təşkilinə maneə yaradan arzuolunmaz vərdişlərə, "zərərvericilərə" qarşı  mübarizədə bəzən sərnişinlərimiz kifayət qədər fəallıq göstərmir, vətəndaş mövqeyini ortaya qoymaq istəmirlər.



Bu barədə Milli.Az-a açıqlamasında "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev şirkətə məxsus avtobuslarda törədilən vandallıq hadisələrinə münasibətində bildirib.

Şübə müdiri qeyd edib ki, nümayiş olunan fotoşəkillərdəki qayda pozuntuları və avtobusa vurulan ziyan, əslində, ictimai maraqlara vurulan ziyandır və təəssüf ki, bu hadisələr bəzən onlarla sərnişinin gözü önündə baş versə də, həmin şəxslərə layiqli münasibət bildirilmir, qanunsuz əməllərə göz yumulur:

"Nəzərə almaq lazımdır ki, ictimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur".

M.Piriyev belə neqativ hallarla üzləşən sərnişinləri fəal olmağa, dərhal yerindəcə mövqeyini bildirməyə çağırıb: "Təbii ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir. Ancaq bu kimi halların qarşısının əvvəlcədən alınmasında və "köhnə vərdişlərini" tərgidə bilməyən "zərərvericilərə" qarşı digər sərnişinlərin ortaya qoyduğu münasibət və ictimai qınaq xüsusi əhəmiyyət daşıyır.

Bir daha sərnişinlərimizi ictimai maraqlara xidmət edən nəqliyyat vasitəsinə - avtobusa  maddi ziyan vuran, zədələyən və onun normal fəaliyyəti üçün maneə yaradan şəxslərə qarşı fəal vətəndaş mövqeyini ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu hər bir ictimai nəqliyyat vasitəsinin içərisində ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz rahatlığı, təhlükəsizliyi üçün lazım olan münasibəti bildirməli və ya aidiyyatı qurumlara məlumat verməlidir".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində