"Almaniyaya lazımam" - Noyer

15 Fevral 2018 09:20

"Bavariya"nın və Almaniya yığmasının qapıçısı Manuel Noyer zədəsini sağaltması haqda danışıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper "Sky Sports"a açıqlamasında getdikcə özünü daha yaxşı hiss etdiyini bildirib.

Noyer bir qədər də vaxta ehtiyacının olduğunu deyib: "Bərpa prosesim qaydasında gedir. Sadəcə, mənə bir qədər də vaxt lazımdı. Bunun konkret nə qədər çəkəcəyini bilmirəm. Yeriyəndə ağrı hiss etməsəm, yavaş-yavaş qaçmağa başlayacam. Əminəm ki, mövsümün sonuna qədər yaşıl meydanlara qayıdacam".

Təcrübəli çərçivə qoruyucusu yayda Rusiyada keçiriləcək dünya çempionatı haqda da danışıb:

"Mundial çox vacib turnirdi. Almaniya yığmasına lazımam. Millinin bir parçası olmaq xoşuma gəlir. "Bavariya" ilə mövsümün ikinci yarısı üçün hədəflərim var. Təbii ki, Bundestimin Rusiyaya yollanacaq heyətində yer almaq da istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində