Bakının bu hissəsi də tədqiq olunacaq - Bayıldakı sürüşməyə görə

14 Fevral 2018 13:12

"Bayıl yamacında baş verən sürüşmənin dəqiq səbəblərinin öyrənilməsi üçün Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin arxasında, N.Nərimanov heykəlinin olduğu ərazidə də tədqiqat aparılmalıdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, daha dəqiq nəticələrin əldə edilməsi üçün tədqiqat daha geniş ərazidə aparılmalıdır. Buna görə də Bayıl yamacı ilə yanaşı, adları çəkilən ərazilərdə də tədqiqatların aparılması nəzərdə tutulur:

"Tədqiqatlar N.Nərimanov heykəlinə qədər olan ərazilərdə aparılmalıdır ki, Bayıl yamacında sürüşmənin baş verməsinin səbəblərini elmi əsaslarla aydınlaşdıraq və nəticə çıxaraq. Araşdırmalarda sürüşmə müstəvisi, layların növləri, hansı bucaq altında yatdığı, sürüşməyə meyilli ərazilər, onun kütləsi, istiqaməti, ərazidəki sululuq və s. müəyyənləşdiriləcək. Biz tədiqatların sonunda sürüşmə prosesinin əsas səbəblərini, onu törədən amilləri müəyyən edəcəyik. Nəticə çıxarmaq üçün isə tədqiqatları tam olaraq aparmaq lazımdır. Buna görə də təqqiqatlar yalnız lokal sahədə deyil, bütün Bayıl yamacında, Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin digər hissəsində, N.Nərimanov heykəli ətrafında aparılmalıdır".

Q.Yetirmişli qeyd edib ki, tədqiqatlar mart-aprel aylarında yekunlaşacaq.

Qeyd edək ki, RSXM tərəfindən "Televiziya" qülləsi kompleksinin yaxınlığında - Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

Tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində