Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası xarici şirkətləri qanuna tabe olmamaqda ittiham edir

11 Avqust 2011 12:15
Azərbaycanda son bir neçə ildə xarici şirkətlər tərəfindən Azərbaycanın atributlarına hörmətsizlik göstərilməsi, Əmək Məcəlləsinin tələblərinin pozulması kimi böyük problemlər yaşanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqı konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov bildirib.

"Biz McDonalds restoranlar şəbəkəsində həmkarlar təşkilatı yaratmışdıq və 70-dən çox üzvü var idi. Lakin restoran rəhbərliyi işçilər qarşısında tələb qoyub ki, Həmkarlar İttifaqından imtina etsinlər. Biz hazırda restoran rəhbərliyi ilə məhkəmə çəkişməsindəyik", - Dadaşov əlavə edib.

Onun sözlərinə görə, Coca-Cola, Pepsi-Cola kimi nəhəng transmilli şirkətlərdə də həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb. Dadaşovun fikrincə, xarici şirkətlərdə işçilərin Həmkarlar İttifaqlarına qoşulmamasının səbəbi ondan ibarətdir ki, həmin şirkətlərdə əmək haqqı yerli təşkilatlarla müqayisədə yüksəkdir və işçilər üçün müəyyən şərait yaradılıb.

"Lakin xarici şirkətlərdə işçilərin məzuniyyətdən istifadə etmək hüququ pozulur və onlara Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qədər məzuniyyət verilmir", - o vurğulayıb.

Dadaşov, həmçinin bildirib ki, ən çox hüquq pozuntusu xarici şirkətlərdə Azərbaycanın milli bayramlarında işçilərin istirahətdən məhrum olunması ilə bağlıdır.

"Bir sıra hallarda isə əmək haqqı düzgün hesablanmır, yəni gecə növbətçiliyi və ya uzadılmış iş rejiminə görə əmək haqqı düzgün hesablanmır", - o deyib.

AHİK rəsmisi onu da qeyd edib ki, hazırda ən böyük mobil operatorpardan olan Bakcell və Azercell böyük işçi qüvvəsinə malik olmalarına baxmayaraq, onlarla uzun illər aparılan danışıqlar nəticə verməyib və həmin şirkətlərdə də həmkarlar ittifaqı yaradılmayıb.

Milli.Az