Gözəl olmayan qadınlar daha çox xəyanəti edirlər?

13 Fevral 2018 21:14

"The Telegraph" yazır ki, kişilər arasında geniş yayılmış inama görə, adətən gözəl qadınları əldə saxlamaq çətin olur. Lakin yeni elmi araşdırma gözəl olmayan qadınların ər və sevgililərinə daha çox başağrısı və gözyaşı gətirdiklərini göstərib.

Amerika alimləri 200 evli cütü 3 il yarım müşahidə etdikdən sonra bu qərara gəliblər ki, özlərini cazibədar bilən qadınlar sədaqətsizliyə daha az meylli olurlar.

Araşdırma bunu da göstərib ki, evliliyə qədər gəzəyən və ayağısürüşkən qadınlar evlilik həyatında daha az "gözütox" davranırlar.

Bunun tamamilə əksi olaraq, daha az seksual təcrübəli və daha az cazibədar qadınlar ərə getdikdən sonra nikahdankənar əlaqələrə daha çox meyl göstərirlər.

Florida Dövlət Universitetinin alimləri bu nətcilərə gələ bilmək üçün 233 yenicə evlənmiş ər-arvadın həyatını - münasibətlərini, evlilikdən məmnunluğunu, uzunmüddətli bağlılığını, həyat yoldaşlarına xəyanət edib-etmədiklərini xırda detallarına qədər sənədləşdiriblər.

Araşdırmanın əsas müəllifi Jim McNulty Journal of Personality and Social Psychology elmi jurnalında yazır: "Sədaqətsizliyin proqnozu üçün ən nəzərəçarpacaq faktor cütlüyə daxil olan şəxsin özünün və partnyorunun cazibədarlığına verdiyi qiymətdir".

Alim deyir ki, cazibədarlığın sədaqətsizliklə əlaqəsi xüsusilə də qadınlarda özünü büruzə verir.

"Kişilər, adətən, həyat yoldaşları daha az cazibədar olanda xəyanətə varırlar. Bu onu göstərir ki, zahiri gözəllik kişilər üçün daha böyük əhəmiyyət kəsb edir" -alim deyib.

Ən maraqlı tapıntı isə bundan ibarət olub ki, özlərinin seks həyatından məmnun insanlar sədaqətsizliyə daha çox meyl göstəriblər.

Alimlərin fikrincə, bu onunla əlaqədar ola bilər ki, belə adamlarda ümumən seksə münasibətdə pozitiv yanaşma üstünlük təşkil edir. Daha doğrusu "seksin yaxşı bir şey" olduğunu dərk edənlər onu hər yerdə axtarmağa başlayırlar.

Araşdırmadan bu da məlum olub ki, diqqətini cazibədar, amma yad adamdan tez çəkə bilən insanlar daha sədaqətli ola bilirlər.

Bu da dəqiq hesablanıb ki, gözlərini çox cazibədar insanların fotosundan bir neçə yüz millisaniyə tez çəkən insanlarda ailə xəyanəti ehtimalı 50 faiz az olur.

Doktor McNulty deyir ki, insanlar çox vaxt bunları özləri də başa düşmədən edirlər...

"Bu proseslərin çoxu qeyri-ixtiyari və qaydasızdır. Ola bilsin ki, bütün bunlar insanların biologiyası və ya uşaqlıq təcrübələri ilə bağlıdır" -professor deyir.

Alim qeyd edir ki, daha çox altenativ partnyorlara çıxış verən, nəfsə meydan açan sosial medianın inkişafı sözü gedən prosesləri daha da mürəkkəbləşdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində