Yuxusuzluğun orqanizmə ziyanı varmı?

14 Fevral 2018 07:14

Yuxu orqanizmin ən vacib fizioloji vəziyyəti olsa da, onun mənşəyi və səbəbləri hələ indiyədək tam öyrənilməyib. Yuxuya gedən canlının şüuru bir neçə saatlığa sönmüş olur. Bununla belə alimlər yuxunun bəzi qanunauyğunluqlarını da aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatan yetkin insanlara uzun ömür sürmək nəsib olur. Yuxu azlığı isə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs yatmamaq necə, mümkündürmü?

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bu sahədə maraqlı bir tədqiqat aparıblar. İlk yuxusuz gecədən sonra insan beynində mezolomit sistem aktivləşərək qana defomin atır. Həmin təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir, yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır.

İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemi fəaliyyəti pozulmağa başlayır. Üçüncü yuxusuz gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.

Elmi təcrübələr nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam edib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Həmin proseslər zamanı alimlər bir sıra maraqlı nəticələrə gəliblər.

Yuxusuz keçən 11 gecədən sonra dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərketmə prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməkdə davam edib: nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixi pozulmalar meydana gəlib. Lakin təcrübə elə həmin mərhələdə də dayandırılıb. Yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.

Milli.Az