Qışda ancaq təzə yağan qarın yeyilməsi uşaqlar üçün təhlükəsizdir...

14 Fevral 2018 08:22

Rumıniyanın Mierkurea Çiuk şəhərindəki Sapientia Universitetinin biomühəndislik kafedrasının professoru Mate İstvan keçən ilin yanvar və fevral aylarında qarın mikrobioloji araşdırmasını aparıb. Alimi buna təhrik edən uşaqların qışda hərdən qar yemək vərdişi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mate İstvanın apardığı araşdırmanın nəticələri bu günlərdə ictimaiyyətə təqdim olunub. Onun gəldiyi qənaətə görə, kiçik yaşlı uşaqların qışda qar yeməsi yağıntı təzə düşən zaman təhlükəsizdir, çünki qar qaldıqca onun daxilində bakteriya və mikroorqanizmlər artdığından sağlamlığa zərər gətirə bilər. Professor 2011-ci ildə Kanada alimlərinin buna bənzər araşdırma apardığını və nəticələrin demək olar ki, eyni olduğunu söyləyib.

Qeyd edək ki, 2016-cı ildə Kanada alimlərinin apardığı başqa bir araşdırmada isə nəqliyyatın sıxlıq təşkil etdiyi şəhərlərdə təzə yağan qarın avtomobillərin havaya buraxdığı qazı özünə çəkərək zəhərli olduğu bildirilib.

Milli.Az