Azərbaycan Silahlı Qüvvələri üçün Rusiyadan yeni zirehli texnika və hərbi avadanlıqlar

13 Fevral 2018 19:42

ARMY RECOGNITION, Belçika

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun arsenalına daxil edilib", - deyə Azərbaycan Müdafiə Nazirliyinin 2018-ci il fevralın 8-də yaydığı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, həyata keçirilən son hərbi təlimlərdə Rusiyanın yeni hərbi avadanlılqarı və maşınlarından da istifadə olunub.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən, yəni müstəqillik əldə etdikdən bu yana diqqətini müasirləşmə proqramlarına və xarici ölkələrdən silah almaqla, Silahlı Qüvvələrinin imkanlarını artırmağı yönəldib. Azərbaycan Rusiya, İsrail, Türkiyə, Pakistan və Belarusdan müxtəlif növ silahlar alır. Bununla yanaşı, bu ölkə yeni silahlar istehsal etmək üçün öz imkanlarını da artırır. Hər il Bakıda keçirilən "ADEX" sərgisinə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyinin dəvətilə müxtəlif ölkələrin nazirlər və ya nazir müavinlərinin rəhbərlik etdiyi yüksək rütbəli beynəlxalq hərbi nümayəndə heyətləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərləri, ixrac təşkilatları qatılır.

Azərbaycan "ADEX" beynəlxalq müdafiə sərgisini 2014-cü ildən təşkil edir. İndiyədək bu sərgilərə 31 ölkəni təmsil edən 558 şirkət qatılıb. Növbəti sərgi 2018-ci il sentyabrın 25-27-də keçiriləcək.

Azərbaycan Maliyyə Nazirliyi 2017-ci il oktyabrın 9-da 2018-ci ilin hərbi büdcəsi ilə bağlı layihəni təqdim edib. Layihədə hərbi büdcə 1,6 milyard dollar təşkil edir. Bu, ötən ilin göstəricisindən 3,7% çoxdur. 2017-ci ildə ölkənin hərbi büdcəsi 1,56 milyard dollar idi. 2018-ci ilin hərbi büdcəsində 800 milyon dollar Silahlı Qüvvələrə, 60 milyon dollar milli təhlükəsizliyə, 740 milyon dollar isə başqa müdafiə xərclərinə ayrılıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun silah ticarəti hesabatına əsasən, Azərbaycan 2010-cu ildən bəri Rusiyadan böyük miqdarda hərbi avadanlıqlar alıb. Buraya 100 ədəd tank əleyhinə "AT-14" raketi, 2 divizion "S-300 PMU2" zenit raket sistemi, 18 ədəd 2S19 (152 mm) özüyeriyən artilleriya qurğusu, 18 ədəd 2S31 (120 mm) "Vena" özüyeriyən artilleriya qurğusu, sayı məlum olmayan BTR-82A zirehli transportyoru, 118 ədəd BMP-3 IFV piyada döyüş maşını, 100 ədəd T-90S tankı, 18 ədəd TOS-1A ağır reaktiv odsaçan sistemi, 2 ədəd SA-11 özüyeriyən zenit raket komplesi daxildir.  

Azərbaycan Silahlı Qüvvələrini gücləndirmək, Türkiyənin yardımı ilə hərbi birləşmələrinə hazırlıq keçirmək məqsədilə çox sayda müdafiə müqavilələri imzalayıb. Azərbaycan 15 ildir öz ordusunu Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə qarşı mümkün hərbi əməliyyata hazırlayır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az